YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün dünya Qarabağın Azərbaycan torpaqları olduğunu qəbul edir

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Ermənistanın Baş Naziri Nikol Paşinyan bu gün də ikili siyasətini davam etdirir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyannamənin şərtlərini icra etməkdən boyun qaçıran Paşinyan əvvəlcə Avropa İttifaqına üz tutdu. Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə bir neçə dəfə baş tutan üçtərəfli görüşlərdə Prezident İlham Əliyev tərəfindən növbəti dəfə məğlubiyyətə düçar olan Paşinyan son ümüd yeri olaraq özü kimi ikiüzlü Fransa Prezidenti Makrona üz tutdu. Rəsmi İrəvanın uğursuz diplomatiyası gələcəkdə Ermənistanın bir dövlət kimi varlığını şübhə altına alır.  Oktyabrın 6-da "Avropa siyasi birliyi"nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş Nazirinin iştirakı ilə dördtərəfli görüş baş tutdu.

Prezident İlham Əliyev 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətdən, eləcə də dördtərəfli görüşün nəticələri və görüşdən sonra Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi qərəzli, təhqiramiz fikirləri barədə dövlət başçılarına ətraflı məlumat verdi. Ölkə başçımız çıxışında 28 il ATƏT in Minsk qrupunun məqsədinin münaqişənin nizamlanması yox, onun dondurulması və münaqişənin uzun illər həll olunmaması olduğunu vurğuladı.

Azərbaycan beynəlxalq hüququn, eləcə də hər bir ölkənin özünün müdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinin tələblərinə uyğun olaraq münaqişəni özü həll etdi və torpaqlarını işğaldan azad etdi. Müharibə bitəndən sonra da ermənilər yenə hərbi təxribatlara əl atırlar. Bu ilin sentyabr ayında ermənilər Azərbaycana qarşı növbəti terror aktı həyata keçirdilər. Ermənistanın daha bir hərbi cinayəti ərazilərə saysız mina basdırmalarıdır ki, bu minaların işə düşməsi nəticəsində 250 azərbaycanlı həlak olmuş və ağır yaralanmışdır.

Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan - Azərbaycan sərhəddi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar Ermənistan rəhbərliyinin ikiüzlü siyasətinin nümunəsidir. Missiyanın Ermənistan ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasında yerləşdirilməsi Ermənistanın aqibətinin yaxşı olmayacağından xəbər verir. Ermənistan sərhədlərini Rusiya həbiçilərinin qoruması, KTMT- nın ən aparıcı dövlətinin də Rusiya olduğunu nəzərə alsaq Paşinyanın bu ikili siyasəti Rusiya tərəfindən cavabsız qalmayacaq. Paşinyan yaddan çıxarmamalıdır ki, 10 noyabr 2020-ci il tarixdə Rusiya Prezidentinin vasitəçiliyi ilə atəşkəsə nail olunmasaydı Ermənistan daha ağır məğlubiyyət ilə üzləşəcəkdir.

Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq Fransanın Azərbaycan - Ermənistan münasibətlərinin həllinə heç bir aidiyyatı yoxdur. Qarabağ münaqişəsi həll olunduğundan Minsk qrupunun həmsədri kimi artıq Fransanın vasitəçiliyinə ehtiyac yoxdur. İstər müharibə, istərsə də postmüharibə dövründə Fransa vasitəçi kimi deyil, Ermənistanın işğalçı siyasətinə haqq qazandıran tərəf kimi çıxış etdi.

Praqa görüşündən bir həftə sonra Makronun Azərbaycan əleyhinə yalan, təxribat və təhqiramiz xarakterli bəyanatlar verməsi siyasi riyakarlıqdır. Azərbaycanı işğalçı dövlət adlandırıb, ölkəmizin dəhşətli müharibə aparması haqqında Makronun söylədiyi sərsəm fikirlər dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi fikir yaratmağa yönəlmişdir. Halbuki Azərbaycan müharibəni öz ərazisində aparıb və beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edib. Tək Fransa Prezidenti deyil, bu ölkənin Xarici İşlər naziri də Azərbaycan haqqında yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palatası ikinci Qarabağ müharibəsi dövründə qondarma "Dağlıq Qarabağı" tanıyan qətnamə qəbul edib. Təəsüflər olsun ki, hazırki Fransa rəhbərliyi əvvəllər iki dövlət arasında mövcud olmuş uğurlu əməkdaşlığa kölgə saldı. Azərbaycanın Fransadakı səfirliyinə erməni radikalları iki dəfə basqın edərək səfirlik binasına ciddi zərər vurmuşdular. Baxmayaraq ki, birinci kütləvi basqın zamanı Fransa rəhbərliyi bu cür qanunsuz hərəkətlərin qarşısının alacaqları barədə Azərbaycan tərəfinə vəd vermişdir. Beynəlxalq Konvensiyalara görə bütün dövlətlər ərazilərində fəaliyyət göstərən səfirliklərin təhlükəsizliyini qorumalıdır. Fransa rəhbərliyi Beynəlxalq qanunların tələblərini ciddi şəkildə pozmuşdur.

Ermənilər Livan və ABŞ da da səfirliklərimizə hücum etmiş və vandallıq törətmişlər. Ötən əsrin 90-cı illərində Ermənistan xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı törədilib, nəticədə mindən çox mülki vətəndaşımız həlak olmuşdur.

Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin bütün bəndlərini yerinə yetirir. Ermənistandan Qarabağa maneəsiz giriş təmin edilib. Təəsüflər olsun ki, Ermənistan bu günə qədər Azərbaycandan Naxçıvana maneəsiz gediş-gəlişi təmin etmir, halbuki üçtərəfli Bəyannamədə Ermənistan bu haqda öhdəlik götürmüşdür. 2020-ci ilin noyabr Bəyannaməsində Ermənistan Qarabağdan öz silahlı qüvvələrini çıxarmaları barədə öhdəlikləri yerinə yetirmir. Müharibənin bitməsindən 2 il vaxt keçsə də Qarabağda hələ də erməni silahlı dəstələri qalmaqdadır.

Prezident İlham Əliyev çıxışında bir daha Ermənistan rəhbərliyinə  və onun havadarlarına ermənilərin  üçtərəfli Bəyannamənin bu əsas iki bəndini icra etməyəcəyi təqdirdə Azərbaycanın adekvat tədbirlər görəcəyi barədə xəbərdarlıq etdi. Ermənistan və onun havadarları başa düşməlidirlər ki, bütün dünya Qarabağın Azərbaycan torpaqları olduğunu qəbul edir və onlar da bu reallıqla barışmalıdılar.

DİGƏR Xəbərlər Arxiv