YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Kəlbəcər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirib

Oktyabrın 20-də Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mədəniyyət sarayında  Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsi və  Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunub, onların əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə məruzə ilə çıxış edən YAP Kəlbəcər  rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini deyən Həbib Misirov vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir, Azərbaycan möhtəşəm nailiyyətlər qazanır.  Partiyanın ötən il keçirilmiş VII qurultayından sonra məqsədyönlü işlər görülüb. Bu, həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının inkişafına müstəsna töhfədir”, - deyən Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hazırda təşkilat üzvlərinin sayı 4 min 200 nəfərə çatıb.

Çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini  Cavid Qurbanov qeyd edib ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. O bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. Bu, qətiyyətli sərkərdənin “dəmir yumruğu”, qüdrətli ordunun şücaəti, xalqın liderinə sarsılmaz inamı sayəsində reallaşdı”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək bildirib ki, YAP ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verir.

Milli Məclisin deputatı Aqil Məmmədov da çıxışında YAP-ın ölkəmizin ictimai-siyasi həyatında aparıcı rolundan danışaraq partiyamızın alternativsiz siyasi qüvvə olduğunu vurğulayıb.

Çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev isə bildirib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da nailiyyətlərə imza atacaq.

Tədbirdə, həmçinin “Vətən müharibəsi qəhrəmanı”, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, partiyanın veteran üzvü Qəzənfər Musayev, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev, YAP fəalı Aytac Məmmədova, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hikmət Bağırov  çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan ətraflı bəhs ediblər.

Tədbirin sonunda Kəlbəcər rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.