YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Postmüharibə dövründəki sosial çağırışlar və dövlət strategiyası” mövzusunda tədbir keçirilib

Oktyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və partiyanın Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə “Postmüharibə dövründəki sosial çağırışlar və dövlət strategiyası” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərində ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.

Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ilk olaraq ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev mövzunun aktuallığından bəhs edib.

Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Azərbaycanda həyata keçirilən sosial siyasətin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritetdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edildiyini xatırladan Arif Rəhimzadə ötən iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işlərinin həyata keçirildiyini deyib. YAP Veteranlar Şurasının sədri qeyd edib ki, bütün bunlar postmüharibə dövründə ölkəmizin iqtisadi inkişafında vacib rol oynamaqla yanaşı, sosial sahəyə də əhəmiyyətli təsir göstərəcək.   

1990-cı illərin əvvəlində respublikamızdakı vəziyyəti xatırladan Arif Rəhimzadə deyib ki, o dövrdə əhalinin sosial vəziyyəti olduqca ağır idi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahədə ciddi dönüş yarandı. Onun sözlərinə görə, Ulu Öndərimizin siyasətində vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tuturdu. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Arif Rəhimzadə xüsusilə ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət qayğısının yüksək olduğunu diqqətə çatdırıb.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılıb. Bu müharibədə qəhrəman hərbçilərimiz böyük şücaət, fədakarlıq göstərdilər. Onun sözlərinə görə, torpaqlarımızın erməni işğalından azad olunması zamanı canlarını qurban vermiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hərtərəfli qayğı göstərilir. Yusif Sadıqov deyib ki, Abşeron rayonunda 400-ə yaxın şəhid ailəsi yaşayır ki, onların da 143-ü 44 günlük Vətən müharibəsinin şəhidləridir.

Tədbirdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının professoru Hadi Rəcəbli “Postmüharibə dövründəki sosial çağırışlar və dövlət strategiyası” mövzusunda məruzə ilə çıxış edib. Hadi Rəcəbli qeyd edib ki, Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir. Onun sözlərinə görə, dünyada az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun. H.Rəcəbli bildirib ki, bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu mənada, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi yer tutur.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov çıxışında bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Təbii ki, bu kontekstdə dövlətin torpaqlarımızın azadlığı uğrunda vuruşan müharibə əlilləri, veteranları və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşması xüsusi vurğulanmalıdır. Onun sözlərinə görə, postmüharibə dövründə bu məsələ daha da aktuallaşıb. Şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlərin görülməsi onlara göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Babək Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib.

Tədbirdə, həmçinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva və YAP Veteranlar Şurasının sədr müavini, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından bəhs ediblər.

Sonra tədbir diskussiya şəraitində davam edib, şəhid ailələrinin üzvlərinin və qazilərin sualları cavablandırılıb.