YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici siyasəti dostluq və qardaşlıq prinsiplərinə əsaslanır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Qədim və zəngin tarixi olan Azərbaycanın dünyanın bir çox ölkəsi ilə olduğu kimi  Mərkəzi Asiya dövlətləri ilə də qardaşlıq, dostluq və sıx əməkdaşlıq  prinsipinə əsaslanan əlaqələri vardır. Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Bu gün Qırğızıstanda minlərlə azərbaycanlı  yaşayır. Bildiyimiz kimi 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Həmin qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələri hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 oktyabr 2022-ci il tarixdə Qırğız Respublikasında səfərdə olub.

Qırğız Respublikasında dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini və görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət etdi. Oktyabrın 12-də isə Bişkekdə ümummilli liderimiz Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasiminin baş tutması Qırğız xalqının Azərbaycanın dahi nümayəndələrinə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. Cənab Prezidentin açılış mərasimində vurğuladığı kimi, həqiqətən də Qırğızıstanda bu məktəbin açılışı ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və bizim xalqların möhkəm dostluğuna, ölkələrimiz arasında əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın Ümummilli Lideri, hörmətli Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı da xüsusilə əlamətdar hadisələrdən biridir və bununlada Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə iqtisadi, sosial, ekoloji, həmçinin digər mühüm sahələri əhatə edən Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Ölkələrimiz arasında imzalanan sənədlər əlaqələrimizin gücləndirilməsi istiqamətində atılmış rəsmi addımlardır.

Digər mühüm məsələlərdən biri də odur ki, nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaqdır və bu da öz növbəsində təbii ki, iqtisadi yüksəlişə müsbət təsir göstərəcəkdir. Ümumilikdə son illər baş vermiş ciddi dəyişikliklərə nəzər salsaq görərik ki, Azərbaycan Partiyamızın Sədri, Prezident İlham Əliyevin bənzərsiz siyasəti ilə hər zaman olduğu kimi regional və beynəlxalq platformalarda humanist mövqedən çıxış edir, dünyada gedən proseslərə sülh naminə töhfələr verir və qəbul ediləcək bütün qərarlarda xalqımızın maraqlarına uyğun addımlar atır.