YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli rayonu həyatının yeni mərhələsini yaşayır

Nihad Pənahov

Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri

17 oktyabr Füzuli şəhərinin işğaldan azad edildiyi tarixdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra Füzuli rayonuna ilk səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra söylədiyi bu fikirləri bir daha yada salmaq istərdik: “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdi… Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”

Xatırladaq ki, Füzuli şəhəri və rayonun ərazisinin böyük hissəsi 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Həmin ilin oktyabrında rayonun ərazisi bütünlüklə düşmən əlinə keçmişdir. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzuli rayonunun Arazboyu kəndlərini və Horadiz qəsəbəsini düşməndən azad etdi.

27 il mənfur düşmən tərəfindən tamamilə dağıdılan, yerlə-yeksan edilən Füzuli rayonu 17 oktyabr 2020-ci ildə azadlığına qovuşdu. Onu da qeyd edək ki, 2020-ci il sentyabrın 27-də- 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günündə Azərbaycan Ordusu Füzuli rayonun Qaraxanbəyli, Yuxarı Əbdurrəhmanlı, Horadiz, Qərvənd kəndlərini işğaldan azad etdi. 44 günlük Zəfər yürüşü buradan başlandı. Cənub istiqamətində 20 gün davam edən şiddətli döyüşlərdən sonra rəşadətli Ordumuz Füzuli şəhərini azad etdi. Qalibiyyət bayrağımız bu torpaqda ucaldıldı.

Müharibənin başlandığı ilk gündən qazanılan qələbə Ordumuzun döyüş ruhunu artırdı. 44 günün hər günü tariximizin Zəfər səhifəsi kimi vərəqlənir. Rəşadətli Ordumuz elə bir gün olmadı ki, hansısa rayonu, kəndi, strateji yüksəkliyi azad etməsin. Uğurla davam edən Zəfər yürüşü noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi, 10 noyabr tarixində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi.

Artıq bundan sonra qarşıda yeni vəzifə dayandı: İşğaldan azad edilmiş ərazilərimizi yenidən bərpa etmək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna ilk səfərlərini etdilər. Ümumilikdə Müzəffər Ali Baş Komandanın bu rayona səfərlərinin sayı 10-a yaxındır. Hər bir səfər yeni sosial obyektin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Füzuli rayonunda görülən işlırdən bəhs edərkən göz önünə ilk olaraq Zəfər yolumuz, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı gəlir. Beynəlxalq standartlara cavab verən bu hava limanının 8 aya tikilib istifadəyə verilməsi ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyətli rol oynayır. Ümumilikdə Qarabağda və Şərqi Zəngəzurda istifadəyə veriləcək üç hava limanı bu torpaqlarımızın turizm inkanlarını daha da artıracaq. Müasir tələblər əsasında yenidən qurulan şəhərlərimiz və kəndlərimiz dünyanın diqqətindədir. Azərbaycan daha bir yeniliyi təqdim etdi. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi çərçivəsində qurulan şəhərlərimizdə, kəndlərimizdə bütün yeniliklər öz əksini tapır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması da görüləcək işlər sırasındadır. Əsas hədəf Böyük Qayıdışdan sonra soydaşlarımızın yüksək yaşayışını təmin etməkdir. Dövlət başçısı İlham Əliyev  çıxışlarında bildirir: “Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.” Prezident İlham Əiyev bu çağırışı da edir ki, Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaq.

Bu gün belə bir həqiqəti böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmizin artan gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır.