YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

44 günün hər günü tariximizin Qələbə səhifəsidir

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

17 oktyabr tarixi Azərbaycanın qəhrəmanlıq salnaməsində mühüm səhifələrdən biridir. İki il bundan öncə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizə işğal altında olan torpaqlarımızın azad edildiyi günləri yazdı. 17 oktyabr Füzuli şəhərinin mənfur düşməndən azad edildiyi tarixdir.

44 günlük İkinci Qarabağ müharibəsi dövründə bir daha bu reallıq təsdiqləndi ki, düşmən torpaqlarımızı sülh danışıqları əsasında geri vermək niyyətində olmayıb. İşğal altında olan torpaqlarımızda qurulan möhkəm istehkamlar, Ermənisan silahlı qüvvələrinin silahlandırılması diqqətdən kənarda qalmadı. Azərbaycan Orducunun gücü, qüdrəti sayəsində bu istehkamlar dağıdıldı, hər gün əldə olunan qələbə Silahlı Qüvvələrimizin döyüş ruhunu artırdı, bir an belə geri çəkilməyərək Zəfər yürüşünü uğurla davam etdirdi.

Hər gün xalqımız cəbhədən gələn xəbərlərin sevinci ilə yaşayırdı. Rayonların, şəhərlərin, kəndlərin işğaldan azad olunması xalqımızda xüsusi əhval-ruhiyyə yaradır, qələbəyə olan inamı daha da möhkəmləndirirdi. Bu sevinc küçə və meydanlarımızın Azərbaycan Bayrağı ilə bəzədilməsində də öz aydın ifadəsini tapırdı. Cəbrayıldan sonra Füzuli şəhərinin azad olunması Ordumuza əlavə mənəvi güc verdi.

Təbii ki, Qələbələr asan qazanılmır. 44 günlük İkinci Qarabağ müharibəsində 3 mindən artıq qəhrəman oğullarımız şəhid oldu. Onlar şəhidlik zirvəsinə ucalmaqla bir daha təsdiqlədilər ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman tarixi Zəfərimuzin qəhrəmanlarının torpaq, Vətən sevgisinin böyüklüyündən bəhs edərək, qanları, canları ilə tarix yazan şəhidlərimizin heç zaman unudulmayacağını bildirir. Ölkə Prezidentinin Qarabağın tacı Şuşamızın azad edilməsi müjdəsini xalqımıza məhz Şəhidlər xiyabanından çatdırması da bütün bu məqamları özündə ehtiva edir.

Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu.

İkinci Qarabağ müharibəsində ümumilikdə Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Hazırda Füzuli rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün bu işlər sistemli və planlı şəkildə aparılır. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən işlərlə tanış olur. Səfərlərin say tərkibinə, eyni zamanda, görülən işlərin xronologiyasına nəzər salsaq rayonun qısa zamanda Böyük Qayıdış mərhələsini yaşayacağını böyük əminliklə qeyd edə bilərik. Çünki hər bir səfər qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonra ilk səfəri də Füzuli rayonuna oldu. Azərbaycan Bayrağının ucaldılması, bunun ardınca rayonun bərpası və yenidən qurulması ilə bağlı işlərə start verilməsi xalqımızın sevincini daha da artırdı. Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibə başa çatan kimi dərhal bu torpaqlarda bərpa-quruculuq işlərinə başladı. Bu, Azərbaycan xalqının necə qurucu xalq olduğunu, torpaqlarına qovuşmasının sevincini yaşadığını və qısa zamanda bu ərazilərə qayıdıb onlara əvvəlki nəfəsi vermək istəyini nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın 30 il müharibə şəraitində yaşasa da hər bir sahədə, xüsusilə iqtisadi sahədə atdığı addımlar və əldə etdiyi uğurlar postmünaqişə dövrünün mühüm reallığı olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə hazırlığın göstəricisidir. 

Ölkə Prezidenti Füzuli rayonunda 9 dəfə səfərdə olub, təməlqoyma və açılış mərasimlərində iştirak edib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı bu gün qonaqları qarşılayır. Qısa müddətdə - cəmi 8 ay ərzində müasir tələblərə tam cavab verən belə bir aeroportun inşa edilməsi dövlətimizin iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək. Həmçinin dost və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirakı dünyaya mühüm mesaj oldu. Qısa zamanda istifadəyə verilən Zəfər yolu hər kəsi mədəniyyət paytaxtımız Şuşaya qovuşdurur. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanına çevrilib.