YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyənləşdirən tarixi səfər

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Cari ilin 11 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına səfəri iki qardaş dövlət və xalq arasında əlaqələrin inkişafı, münasibətlərin yeni müstəviyə keçməsi baxımından çox önəmlidir. Görüş zamanı Dövlət liderlərinin səsləndirdiyi fikirlər dostluq və qardaşlığımızın sarsılmazlığını bir daha təsdiqlədi və iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə böyük imkanlar yaratdı. Bütün bu fəaliyyətlər Vətən müharibəsindən sonra nüfuzu daha da artmış Azərbaycanın xarici siyasətinin uğurlu olmasının göstəricisidir. Bu gün dinamik inkişaf edən və genişlənən əlaqələr ölkələrin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında da fəal qarşılıqlı fəaliyyətlə davam etdirilir. Prezident İlham Əliyevin dost və qardaş ölkə olan Qırğızıstana dövlət səfəri çərçivəsində iki ölkənin başçıları arasında formalaşmış şəxsi münasibətlər, qarşılıqlı hörmət və etimad yaxın gələcəkdə dövlətlər arasında ticarət dövriyyəsində, iqtisadiyyatda, kənd təsərrüfatında inkişaf üçün böyük perspektiv yaradır, həmçinin mədəni-humanitar sahədə daha sıx əlaqələrin qurulmasını vacib edir. Məlum olduğu kimi Azərbaycan artıq uzun illərdir ki, investor ölkədir. Azərbaycanın “Azersky” və “Azerspace-1” peykləri Qırğızıstandakı tərəfdaşlara xidmətlər göstərir. Bundan əlavə, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması və qarşılıqlı maraqlara xidmət edən investisiyalar bir çox sahədə əməkdaşlığı genişləndirməyə imkanlar yaradacaq. Qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarının müəyyən edildiyi vacib sahələrdən biri də nəqliyyat-tranzit sektorudur. Belə ki, icrasına başlanılan Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun istismarı ilə əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Azərbaycanın Orta Asiya respublikaları, o cümlədən Qırğızıstanla siyasi əlaqələrinin hazırkı vəziyyəti həm də Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün əhəmiyyət kəsb edir. Cənubi Qafqazın və Mərkəzi Asiyanın aparıcı mövqelərdə olan iki qardaş dövlətinin münasibətlərinin inkişafı region üçün də, dünya üçün də faydalıdır. Bu əlaqələr Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə gətirib çıxaracaq.

DİGƏR Xəbərlər Arxiv