YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Vətən müharibəsi bizim şanlı qələbəmizdir. Bu möhtəşəm qələbəni tariximizin şanlı zəfəri kimi əbədi yaşayacağıq və bu gün biz zəfər tariximizin 2-ci ilini qürurla anırıq.

Vətən müharibəsi 27 sentyabr 2020-ci il tarixdə Ermənistan ordusu tərəfindən törədilmiş təxribatın qarşısını almaq üçün Müzəffər Ordumuzun cəbhəboyu həyata keçirdiyi uğurlu əməliyyatlarla başladı.

Düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edərək Azərbaycan bayrağını qaldırıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. Bu, tarixi hadisədir. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi.

Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlı olmuşdur. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açılmışdır.

Füzuli rayonu və Füzuli şəhəri uğrunda 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən döyüşlər Vətən müharibəsinin ən çətin dövrünə təsadüf edib. Şanlı ordumuzun aramsız həmlələri nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.

Ali Baş Komandan İlham Əliyev də Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı bildirmişdir ki, “Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır.”

Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi.

Qeyd etmək lazımdır ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, sakinlərimizin tikdiyi evləri vəhşicəsinə dağıdıblar.

İşğal olunmuş torpaqları qarış-qarış azad edən Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir.