YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri    

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. "Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən savaşında əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi. Döyüşlər zamanı düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutacaqdır.

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi,  Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Çünki Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. Bəli, bu gün Azərbaycanın  etibarlı müttəfiqləri var.Azərbaycan güclü dövlətdir və müstəqil siyasət yürüdür. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir.

Məhz iki il bundan əvvəl- oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində çatdırdı. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Bu gün bir çox beynəlxalq təşkilatlar bizim haqq mübarizəmizi dəstəkləyir.

Azərbaycan dövləti və xalqı müharibənin gətirdiyi maddi ziyanlara, çoxsaylı və çoxçeşidli maliyyə xərclərinə baxmayaraq, özünə qarşı edilmiş təcavüzə sipər gəldi və torpaqların azad edilməsi üçün sonuna qədər mübarizə apardı. Bu gün məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi  biz Qarabağ bölgəsində cənnət yaradacağıq. Artıq iki il ərzində görülən işlər göz qabağındadır. Bütün dünya görəcək ki, bizim niyyətimiz  həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqını qarşıdakı illərdə də böyük uğurlar gözləyir. Görülən işlər buna deməyə əsas verir.