YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərin başlandığı məkan

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycanın böyük yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfər olan Füzuli rayonu işğaldan öncə tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur.

23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunarkən düşmənlə mübarizədə rayon sakinlərindən 663 nəfəri şəhid, təxminən 400 nəfəri əlil olmuş, 181 nəfər isə əsir və itkin düşmüşdür.

5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həyata keçirdiyi Horadiz əməliyyatı nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.

30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk döyüşləri məhz Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncam ilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmiş və Füzulinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu bu  medalla  təltif olunmuşdur.

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Füzuli rayonu ərazisində də bu gün böyük miqyasda bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev 9 dəfə Füzuli rayonuna səfər etmiş və hər bir səfər zamanı çoxlu sayda obyektlərin təməli qoyulmuş, hazır olan obyektlərin isə açılış mərasimi baş tutmuşdur. Cəmi 8 ay ərzində inşa edilərək istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində isə Türkiyə Respublikasının Prezidenti də iştirak etmişdir. Hazırda Füzuli rayonu ərazində həyata keçirilən bərpa-quruculuq işləri ölkə başçısının rəhbərliyi  və xüsusi nəzarəti ilə uğurla davam etdirilir.

DİGƏR Xəbərlər Arxiv