YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir

“17 Oktyabr Füzuli rayonunun işğaldan azad edilməsinin ikinci ildönümüdür. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çünki, 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. Düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu döyüşlərdə ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301nəfər  hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

K.Bayramov vurğulayıb ki, dövlət başçımız 2021-ci il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdi: “Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz, gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq.”

Deputat diqqətə çatdırıbki, 44 günlük Vətən müharibəsində parlaq Qələbəmizdən sonra ölkəmiz yeni dövrə qədəm qoyub. Böyük Zəfərlə yekunlaşan Vətən müharibəsindən ötən vaxt ərzində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğuna başlanılması və bu işlərin sürətlə, eyni zamanda, keyfiyyətlə davam etdirilməsi Azərbaycan dövlətinin gücünün, iqtisadi potensialının göstəricisidir.  İşğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq tədbirlərin həyata keçirilməsinə başlanıb. Hazırda Prezident İlham Əliyevin dediyi kimi, əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur dəyişiklikləri həyata keçiriləcək. Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi Qələbəsinin nəticələrinin möhkəmləndirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi məqsədilə uyğun şəraitin yaradılmasıdır. Artıq bərpa-quruculuq prosesinə diqqətlə, koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb.

K.Bayramov əlavə edib ki, bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri sürətlə gedir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Tam əminliklə demək olar ki, tezliklə Füzuli rayonu da ən qısa müddətdə bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaq.