YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Qırğızıstan arasında münasibətlər aktiv fazaya transfer olunur

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malik Azərbaycan və Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfələr verir. Mədəniyyət, təhsil, elm, turizm, idman sahələrində münasibətlərin inkişafı məsələlərinə bu gün hər iki dövlətdə böyük əhəmiyyət verilir.

Bu kontekstdə cari ilin 11 oktyabr tarixində Bişkekdə rəsmi dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarov ilə birgə Heydər Əliyev adına və Nizami Gəncəvi adına iki ümumtəhsil məktəbinin açılışını etmələri ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verən əlamətdar hadisələrdən olduğunu məmnunluqla qeyd etmək olar.

Məlum olduğu kimi, artıq yarım ildir ki, rəsmi şəkildə strateji tərəfdaş olan Azərbaycan və Qırğızıstan türkdilli dövlətlər arasında gündən-günə çiçəklənən qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir.

Təsadüfi deyil ki, "Əlbəttə, bu gün mən Azərbaycan xalqının dahi nümayəndələrinin xatirəsinə belə xoş münasibətə görə bütün Azərbaycan xalqı adından Prezidentə xüsusi təşəkkürümü ifadə etdim” - deyən Prezident İlham Əliyev Bakı və Bişkekin artıq qardaşlaşmış şəhərlərə çevrildiyini qeyd edərək gələcəkdə bu siyahıya digər şəhərlərimizlə də davam etmənin mümkünlüyünü, o cümlədən, mədəniyyət paytaxtımız olan Şuşanın Qırğızıstan şəhərləri ilə qardaşlaşacağını bildirməklə dövlətlərimiz arasında əməkdaşlığın dərinliyini, qarşılıqlı münasibətlərin səmimiliyini ifadə etmiş oldu.

İqtisadiyyat sahəsində birgə İnvestisiya Fondunun yaradılması barədə qəbul olunmuş qərar Qırğızıstan prezidentinin Bakıya səfəri zamanı qəbul olunmuş Bəyannamənin uğurla həyata keçirildiyinin sübutudur. Həmçinin iki ölkə arasında əmtəə dövriyyəsinin yaxın gələcəkdə mövcud olan imkanlardan istifadə etməklə artırılması hər iki dövlətin iqtisadi inkişafına yardımçı olacaq.

Konkret nəticəyə hədəflənən dövlətlərimizin həm iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə əməkdaşlıq üzrə, həm də investisiya layihələri çərçivəsində konkret nəticələr əldə edəcəyinə şübhə yoxdur. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi həm gələn il, həm də növbəti illərdə ölkələrimiz arasında daha sıx təmaslar qurmağa, ölkələrimizin zəngin mədəni irsinin qarşılıqlı tanışlığına imkan verəcək.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyini nəzərə alaraq vurğulamaq yerinə düşər ki, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları, hər iki dövlət üçün kommunikasiyaları daha sıx birləşdirməyə imkan verəcək.

Qeyd olunan bütün istiqamətlərdə planlaşdırılan hər bir işin müvəffəqiyyətlə icra ediləcəyinə inam hissi Azərbaycanla Qırğızıstan arasında münasibətlərin aktiv fazaya transfer olunduğunu düşünməyə imkan verir.