YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışın nəticəsi olaraq biz Füzuli rayonunu dirçəldirik

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

I Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən 23 avqust 1993-cü il tarixində Füzuli rayonunun əksər hissəsi işğal edilib. Bu işğal nəticəsində yüzlərlə soydaşımız şəhidlik zirvəsinə ucalıb, əsir və itkin düşüblər. İşğaldan əvvəl çoxsaylı yaşayış məntəqəsinə sahib olan Füzuli rayonu, I Qarabağ müharibəsindən sonra demək olar ki tanınmaz hala düşüb.

İşğaldan əvvəl öz tarixi ilə, tarixi-dini abidələri ilə, türbələri ilə zəngin olan Füzuli rayonu erməni vandalizminin nəticəsində yerlə yeksan edilmişdir. Lakin, işğaldan sonra qısa müddət ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 22 yaşayış məntəqəsi işğaldan azad edilərək bərpa edilmişdir. Həmin vaxt üçün ölkəmizin sahib olduğu ordu ilə bu məntəqələrin işğaldan azad edilməsini möhtəşəm bir qələbə hesab etmək olardı.

II Qarabağ müharibəsinin ilk günündən etibarən Azərbaycan Ordusu Füzulinin bir sıra yaşayış məntəqələrini işğaldan azad etmişdi. Şəhidlərimizin öz qanları ilə yazdığı tarixi zəfərin ilk addımları ordan başlamışdı. Füzuli şəhəri isə Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun gücü sayəsində 17 oktyabr 2020-ci ildə erməni işğalçılarından təmizlənmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur.

Füzuli rayonunun azad edilməsi digər rayonların azad edilməsinə aparan yolda açar rolu daşıyırdı. Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi. Bəlkə də bir çoxları Füzuli rayonu uğrunda gedən döyüşlərin aylarla çəkəcəyini düşünürdü. Amma Azərbaycan Ordusu bunu 20 gün ərzində bacardı, şanlı üçrəngli bayrağımızı Füzuli şəhərində ucaltdı. Füzuli uğrundan gedən döyüşlər zamanı düşmənin çoxsaylı əsgəri öz döyüş bayraqlarını, silahlarını cəbhədə buraxaraq qaçmışdılar. Onlar Azərbaycan Ordusunun qüdrətindən xəbərdar idilər.

İndi Böyük Qayıdışın nəticəsi olaraq biz Füzuli rayonunu dirçəldirik. Artıq Füzulidə nəqliyyat yolları, hava limanı, digər infrastrukturlar inşa edilib və bu proses davam etməkdədir. Artıq bütün məcburi köçkünlər səbirsizliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaqları günü gözləyirlər.