YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər missiyamızı məhz Füzuli rayonundan başladıq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərkən bu məqamı xüsusi qeyd edir ki, uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi.  Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq.

İşğaldan azad edilmiş ərazilərimizin hər biri erməni vəhşiliyinin şahididir. Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən yerli və xarici qonaqlar erməni vəhşiliyinin təzahürlərini görür.  Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Rayonda bir dənə salamat kənd, bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Müzəffər Ali Baş Komandan daim bu xatırlatmanı edir: “Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz.”

Bu gün böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Amma bu inam, ümid heç zaman insanları tərk etmədi. Xalqımız əmin idi ki, dövlətimizin qətiyyəti, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız azadlığına qovuşacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev qaçqın və məcburi köçkünlərlə görüşlərində hər zaman bildirirdi ki, onlara yaradılan şərait müvəqqətidir. Tezliklə torpaqlarımızı azad edəcək, soydaşlarımız bu torpaqlara qayıdışı ilə onlara yenidən nəfəs verəcək.

Hər bir vədini real həyatda təsdiqləyən cənab İlham Əliyev bu vədini də doğrultdu. 2020-ci ilin 27 sentyabr tarixindən başlanan İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, neçə-neçə strateji yüksəkliyin işğaldan azad edilməsi ilə nəticələnən Zəfər yürüşümüz dünyaya səs saldı.

Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfər yaralandı. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində, həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edir. Ölkəmizin müharibə təcrübəsi dünya dövlətlərinin hərbi ekspertləri tərəfindən öyrənilir, dərsliklərə salınmasının vacibliyi bildirilir. Azərbaycan bu müharibədə torpaq, Vətən sevgisini nümayiş etdirdi. Qarabağın milli qürur məsələsi olduğunu dünyaya çatdıran Müzəffər Ali Baş Komandan tariximizin Zəfər səhifəsinin müəllifi olaraq bu qürurumuzu özümüzə qaytardı.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Qeyd etdiyimiz kimi, artıq tariximizə torpaqlarımızın işğaldan azad edildiyi günlər yazılıb. 17 oktyabr yalnız füzulilərin deyil, bütün Azərbaycan xalqının qürur tarixidir. Soydaşlarımızın torpaq həsrətinə son qoyulduğu bu tarixdən Füzuli rayonu həyatının yeni mərhələsinə daxil oldu.