YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda şəhidin anım mərasimi keçirilib

Ağdaş rayonu Ərəbocağı kəndində Vətən müharibəsi şəhidi İdrisov Xəyal İbrahim oğlunun şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının fəalları, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nizami Heybətov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, şəhidin xidmət etdiyi hərbi hissənin nümayəndələri Xəyal İdrisovun ailəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Ərəbocağı kəndinin şəhidlərinin xatirəsinə ucaldılmış Şəhidlər bulağının önündə davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin məzun olduğu Ərəbocağı kənd tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş etdirilib.

Qeyd edək ki, şəhid Xəyal İdrisov 2000-ci il fevralın 24-də Ağdaş rayonu Ərəbocağı kəndində anadan olub. 2020-ci il oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.