YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh diplomatiyası: regional inkişaf naminə – TƏHLİL / VİDEO

Hücum diplomatiyası, hüquq diplomatiyası və dərin strateji diplomatiya…

Bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, Azərbaycanın maraqlarının və mövqeyinin müdafiəsini, erməni yalanlarının ifşasını təmin edən, qərəzli dairələrin ikili standartlar siyasətini iflasa uğradan siyasətin mühüm tərkib hissəsidir.

Postmüharibə dönəmində Azərbaycan, eyni zamanda, yeni reallıqlara və çağırışlara uyğun sülh diplomatiyası həyata keçirir. Məqsəd regionda etimad quruculuğuna nail olmaq, sülhü, sabitliyi təmin etməklə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırmaqdır. Bu kontekstdə mühüm təşəbbüslər irəli sürülür, zəruri addımlar atılır.

Artıq rəsmi Bakının strateji fəaliyyəti və qətiyyətli siyasəti nəticəsində sülh gündəliyi müəyyənləşdirilib. Beynəlxalq ictimaiyyət isə Azərbaycan reallığını və Azərbaycanın reallığını qəbul edir: yəni müharibə bitib, regionda yeni mərhələ başlanıb, indi sülhə nail olmağın vaxtıdır.  

Son olaraq Praqada keçirilən görüşlər çərçivəsində aparılan müzakirələr, səsləndirilən fikirlər də bu gerçəkliyi təsdiqlədi. Xüsusilə də, Prezident İlham Əliyevin Emmanuel Makron, Şarl Mişel və Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilən bəyanatda əks olunan məsələlər sülhə doğru daha bir həlledici addım atıldığını göstərir. Xüsusilə də, bəyanatda Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı qeyd edilib. Bu, olduqca incə və strateji əhəmiyyətli məqamdır. Çünki…

Suverenlik hüquqi məfhum və siyasi termin kimi həm dəqiq, həm də geniş anlayışdır. Buraya ərazi bütövlüyünü tanımaq və ölkənin daxili işlərinə qarışmamaq prinsipləri də daxildir. Deməli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və daxili işimiz hesab olunan məsələlərə müdaxilə etməmək, hər hansı iddia irəli sürməmək öhdəliyini götürür. Yəni iki ölkə arasında aparılan danışıqların mövzusu Qarabağ məsələsi deyil, münasibətlərin normallaşdırılmasıdır. Bu, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanın daxili məsələsidir” tezisinin siyasi-hüquqi təsdiqidir. Və Azərbaycan diplomatiyasının tarixi qələbəsidir!

Heç şübhəsiz, strateji hədəflərinə nail olan Azərbaycanın sülh diplomatiyası regiona sabitlik, rifah, təhlükəsizlik və inkişaf vəd edir. Artıq qarşıdurma regionun keçmişi, sülh və etimad quruculuğu isə gələcəyidir – məhz yeni geosiyasi reallıqlar fonunda və Azərbaycanın dərin strateji diplomatiya siyasəti nəticəsində…