YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh prosesinə təkan...

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə keçirilən görüş bir çox baxımdan mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Bu görüş və onun nəticələri Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin tarixi qələbəsi hesab edilə bilər. Çünki bu hadisə son 30 ildə yeganə faktdır ki, Azərbaycan tərəfi özünün bütün şərtlərini Ermənistana qəbul etdirməyi bacarıb. Daha doğrusu, rəsmi İrəvanı məcbur edib ki, Azərbaycanın şərtlərini qəbul etsin, bu şərtlərlə razılaşsın. Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük zəfəridir və bu zəfər dövlətimizin hərbi platformada olduğu kimi, siyasi platformada da güc sahibi olduğunu göstərir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Qələbəni hərbi-siyasi yollarla təmin etdik. Praqa görüşünə isə Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlcədən hazırlaşmışdı və Fransa Prezidenti Emmanuel Makronla Azərbaycana qəbul etdirmək üçün xüsusi planla gəlmişdi. Amma Prezident İlham Əliyevin siyasi proseslərə beynəlxalq hüquq müstəvisində yanaşması və xalqımızın milli maraqlarını hər şeydən üstün tutaraq müzakirələrə qoşulması son nəticədə sülh müqaviləsinin imzalanmasına yeni bir impuls verməsinə yol açdı.

Görüşün nəticələri ilə əlaqədar yayılan bəyanata əsasən, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər.

Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edən sənəd kimi qiymətləndirilir. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü, o dövrdə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

Praqa görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər: "Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq".

Ermənistan və Azərbaycan rəhbərləri arasında keçirilən görüşlərin məqsədi tezliklə sülh müqaviləsinin imzalanmasıdır. Praqa görüşündə əldə olunan nəticələr sayəsində sülh prosesinə artıq təkan verildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri də ilk görüşü keçirdilər və artıq işçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalıdır.

Təəssüf ki, Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərə, azad etdiyimiz torpaqları geri qaytarmağımıza rəğmən bu günə qədər erməni silahlı birləşmələri bəzi ərazilərimizdən çıxarılmayıb. Buna da son qoyulmalıdır. Qarabağ Azərbaycandır! Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir.