YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Azərbaycan və Bolqarıstan etibarlı strateji tərəfdaşdırlar

Bu gün Azərbaycan çoxşaxəli enerji siyasəti ilə regional və qlobal əhəmiyyətli aktora çevrilib. Ölkəmiz enerji potensialını düzgün qiymətləndirərək, təbii resurslarından səmərəli istifadə edərək Avropa ölkələri ilə enerji əməkdaşlığının genişləndirilməsinə xüsusi önəm verir. Bu sahədə Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır və Azərbaycan qazının Avropa bazarında satış dairəsi genişlənir. Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır. Avropa regionu ölkələri enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər Layihənin başlanmasının əhəmiyyətini qeyd edən Serbiya Prezidenti Aleksandr Vuçiç deyib: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız”. Ümumiyyətlə, Prezident İlham Əliyevin etibarlılığı və sözünə sadiqliyi Avropada yüksək qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki nitqində deyib: “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur.” . İnterkonnektor Bolqarıstanda təbii qaz mənbələrinin real şaxələndirilməsini və enerji müstəqilliyini təmin edən ilk layihədir. 

Qeyd edək ki, son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bunu bir daha sübut etdi. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Azərbaycan-Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və etimad əsasında formalaşaraq strateji tərəfdaşlıq münasibətlərinə yüksəlib. Qeyd edək ki,Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə çox yüksək səviyyədə icra olunur. Bu gün ölkələrimiz arası əməkdaşlığımız siyasi, iqtisadi, mədəni, humanitar sahələri əhatə etməklə çoxşaxəli inkişaf edir. Prezident Ilham Əliyev iki ölkə arasındakı münasibətlər haqqında deyib: “Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir.” Bolqarıstanın Prezidenti Rumen Radevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı strateji tərəfdaşdır, dostdur.

DİGƏR Xəbərlər Arxiv