YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan regionun aparıcı dövlətinə çevrilib

Mayın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin iclası ərəfəsində NATO-nun əsas beyin mərkəzi sayılan Atlantik Müqaviləsi Assosiasiyası (ATA) tərəfindən təşkil olunan “Gənclərin Nazirlər İclası”nda çıxış edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov çıxışında NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyalara Azərbaycanın verdiyi töhfələr və iki ölkə arasında münasibətlər barədə danışıb. O, Azərbaycanın ISAF əməliyyatında sonadək əzmlə iştirak etdiyini və bunun 2015-ci ilin yanvar ayından başlayan Qətiyyətli Dəstək missiyası kontekstində də davam etdiyini vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bir çox problemlər barədə danışıb, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 faizdən çox ərazimizin işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün durumuna düşdüyünü qeyd edib. O, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrin ikili standartlara əsaslanan yanaşma nəticəsində hələ də icra edilmədiyini vurğulayıb.

Nazir bütün çətinliklərə, təcavüz və işğal faktına baxmayaraq, son on il ərzində ölkəmizdə yoxsulluq səviyyəsinin 49 faizdən 4 faizə qədər azaldığını, ümumdaxili məhsulun 3,5 dəfə artdığını və Azərbaycanın regionun aparıcı dövlətinə çevrildiyini bildirib. O, bütün bunların düzgün siyasi-iqtisadi strategiya və resurslardan səmərəli istifadə nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov, həmçinin Azərbaycanın təlim, təhsil, iqtisadiyyat və fövqəladə hallarda yardıma dair məsələlər üzrə Əfqanıstana dəstək göstərdiyini nəzərə çatdırıb. O, ordu quruculuğu, ADA Universitetinin xətti ilə keçirilən kurslar, ANAMA-nın əfqan mütəxəssislər üçün təşkil etdiyi minalardan təmizləmə üzrə təlim proqramları, o cümlədən yerli əhali arasında mina təhlükəsizliyi üzrə dərsliklərin nəşr etdirilməsi barədə məlumat verib. Bu kimi yardımların davamlı xarakter daşıdığını deyən Elmar Məmmədyarov əfqan mütəxəssislərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ödənişsiz təhsil almaları məsələsinin də nəzərdən keçirildiyini qeyd edib.

Nazir çıxışında regional inkişafın təhlükəsizlik, sabitlik və davamlılıq kimi üç əsas meyarının olduğunu da vurğulayıb.

Elmar Məmmədyarov tədbir iştirakçılarının Azərbaycanın enerji siyasəti, TANAP və TAP layihələri, geostrateji əhəmiyyəti və regiondakı rolu barədə suallarını da cavablandırıb.