YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdrik xalqın müdrik seçimi

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Bir məkan olaraq Azərbaycan - əlamətdar hadisələrlə tarixi zəngin olan bir coğrafiyadır. Lakin bu ərazinin dövlətçilik tarixində dönüş nöqtələri, əsasən yeni və ən yeni tarixdə - XX və XXI əsrin qovşağında baş vermis hadisələrdir. Bu coğrafiyada müxtəlif adlar altında dövlət qurumlarımız olsa da, ilk dəfə Azərbaycan dövləti məhz qeyd etdiyimiz intervalda təcəlli etmişdir. XX əsrin əvvəlində təsis edilmiş Azərbaycan Demokratik Respublikasının təşəkkülü və tənəzzülü barədə çox deyilmiş, ömrü cəmi 23 ay sürmüş bu Cümhuriyyətin həm uğurları, həm də səhvləri barədə çox yazılmış, təhlillər aparılmışdır.  

Cümhuriyyətin süqutunun əsas səbəbləri kimi, zamanın ictimai-siyasi reallıqları göstərilsə də, əsas səbəb heç də bu deyildi. Əsas səbəb, prosesləri idarə edə biləcək, əleyhdə olan faktorları lehə dəyişə biləcək səviyyədə çevik, təcrübəli və xarizmatik liderin olmaması idi. Sübut üçün parallel, Finlandiya və general Mannerheym faktorudur. Rusiyanın müstəmləkəsi olan Finlandiya da 1917-ci ildə müstəqilliyini elan etmiş, bundan sonra rus ordusunun general-leytenantı milliyyətcə finn olan Karl Qustav Emil Mannerheym öz ölkəsinə qayıdaraq xidmətini burada davam etdirmiş, vətəndaş müharibəsi zamanı bolşeviklərə qarşı mübarizəyə başçılıq etmiş və bolşevikləri məğlub edərək Sovet qoşunlarını ölkədən çıxarmağa nail olmuşdu. Məhz Mannerheymin xidmətləri sayəsində (müəyyən ərazi itkiləri hesabına olsa da) Finlandiya öz müstəqilliyini qorumağa nail olmuş, bu xidmətlərinə görə 1944-cü ildə Finlandiya prezidenti təyin olunmuş, 2004-cü ildə isə bütün zamanların ən böyük finlandiyalı şəxsiyyəti, müasir Finlandiya dövlətinin qurucusu seçilmişdir. İkinci dünya müharibəsinə qatılan bütün Avropa ölkələrindən yalnız Finlandiya işğala məruz qalmamışdır. Maraqlıdır ki, ərazisi böyük olsa da, əsrin əvvəlindəki Finlandiya və Azərbaycanın əhali sayı təxminən eyni olmuşdur.

Bu paraleli təsadüfən gətirmədim. Şəxsiyyət faktorunun, təcrübənin, bilik və bacarığın, qətiyyət və xarizmanın dövlət idarəetməsində nə qədər mühüm faktor olduğuna diqqət çəkmək üçün gətirdim.

Ümummilli Liderimiz Heydər Əliyev də Sovetlər İttifaqının təbəəsi olmuş, bu sistem daxilində oxumuş, çalışmış, təcrübə qazanmış və İttifaqın ən yüksək məqamlarına yüksəlməyə nail olmuş şəxsiyyətlərdən olmuşdur. Bunula belə, hər zaman vətəninin gələcəyini düşünmüş, tarixi gözəl bilən və ondan nəticə çıxarmağı bacaran bir uzaqgörənliklə ölkəsini, xalqını gələcəyə hazırlamağı unutmamışdır. Onun 1969-1982-ci illərdə - Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə vətəni üçün gördüyü misilsiz işlər unudulmayıb. 1990-cı ildə 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qorxmadan, çəkinmədən verdiyi bəyanat, öz xalqının yanında olduğunun əyani nümayişi unudulmayıb. Kiçik vətənin – Naxçıvanın qorunması, krizisdən çıxması naminə atdığı addımlar unudulmayıb. Azərbaycanın Sovetlər Birliyi daxilində qalmasına etiraz xarakterli siyasi qərarları unudulmayıb. Ən nəhayət, ölkəsinin ən ağır vaxtında, vətəndaş müharibəsi astanasında atdığı addımlar, xalqın israrlı tələbi ilə ağır və çətin mirası qəbul edib, demək olar ki, imkansız kimi görünən nəticələr əldə etməsi unudulmayıb. Ölkəni parçalanmadan, iflasdan, iqtisadi və siyasi tənəzzüldən qorumaq naminə atdığı addımlar – işğal altında olan Vətən parçasının azad olunması naminə atdığı addımlar, ordusuz ölkəyə ordu qazandırmaq, milləti vahid milli ideologiya ətrafında birləşdirmək, beynəlxalq miqyasda partnyorlar, tərəfdaşlar qazanmaq, bir ictimai-siyasi formasiyadan digərinə keçidin fəsadlarını aradan qaldırmaq, yeni iqtisadi inkişaf konsepsiyasının əsaslarını təsis etmək, hüquqi, demokratik, sosial və dünyəvi dövlət qurmaq naminə atdığı addımlar unudulmayıb.

Bu gün, Azərbaycan xalqının Ümumilli Liderinin ölkə başçısı – Azərbaycan Prezidenti vəzifəsinə seçilməsinin, Azərbaycan tarixinin yeni mərhələsinin əsasının qoyulduğu günün 29-cu ildönümü tamam olur. Məhz 29 il bundan əqdəm, oktyabrın 3-ü 1993-cü ildə xalqımız gələcək taleyini, müqəddəratını təyin edən seçimi etdi, öz liderinə, onun zəkasına, siyasi iradəsinə, yüksək nüfuzuna və istedadına olan dərin inamını ifadə etdi və yanılmadı. Boş və şirin vədlərə yox, tarixi yaddaşa, bu böyük şəxsiyyətin həyat yoluna, zəngin irsinə etibar etdi və yanılmadı.

Artıq 20 ildir ki, o cismən aramızda yoxdur, amma ruhən bizimlədir. Çünki, əməlləri yaşayır, çünki, qoyub getdiyi irs yaşayır, onun dəhasının, işıqlı ideyalarının, məharətinin və uzaqgörənliyinin nəticələri yaşayır. Bu gün onun qoyub getdiyi fenomen, bizim üçün, gələcək nəsillər üçün böyük siyasi məktəbdir. Çünki o, dövlət müstəqilliyimizin banisidir, milli məfkurəmizin banisidir, xilaskarımızdır. Onun əziz xatirəsi, milli, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində əbədi yaşayır və yaşayacaq.