YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi əziz və müqəddəsdir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Salahov Nicat Fikrət oğlunun anadan olmasının 22-ci ildönümü qeyd edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev şəhidin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyub, məzarı üzərinə tər çiçəklər düzüblər.

Anım tədbiri Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilib.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Abşeron rayonunda da Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir, şəhid ailələri və qazilər evlərində ziyarət olunur.

Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Milli Qəhrəmanları Tanıtma İçtimai Birliyinin Abşeron nümayəndəliyinin sədri Tərlan Mahmudov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Abşeron filialının sədri Xudakərim Əhmədov və digərləri çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı qələbədən, idiglərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.

Şəhid ailələri də öz növbələrində ölkəmizdə onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Sonda Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin yetirmələrinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub.