YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərəf salnaməsi

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan xalqının tarixinə əbədi həkk olunan 2020-ci il 27 sentyabr tarixinin ikinci ildönümünü qeyd edirik. Bu tarix təkcə bizim üçün deyil, bütün bəşəriyyət üçün ilahi ədalətin təzahürü günü, böyük Zəfər yolunun başlanğıc nöqtəsi kimi yaddaşlarda əbədi qalacaqdır. Bizim xalqımız bu Anım Gününü vətən uğrunda qəhrəmanlıq və şəhadətin şərəf salnaməsi kimi daima yaşadacaqdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ilin 24 mart tarixində təsis olunmuş Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış, aparılan danışıqlar nəticəsiz qalmışdı. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlık nümayiş etdirmiş, Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış icra olunmamışdı. Bütün bu illər ərzində Ermənistan ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizi mütəmadi olaraq atəş altında saxlamışdı. Düşmənin növbəti hərbi təxribatlarını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə 2020-ci ilin 27 sentyabrında Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücum əmri verdi. 2020-ci ilin sentyabr ayından başlayan əks-hücum nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdu. 17 il ərzində Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Təsadüfi deyil ki, II Qarabağ müharibəsi zamanı ordumuzun istifadə etdiyi döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və dünyanın ən məşhur ali hərbi məktəblərinin dərsliklərinə salınaraq öyrənilir. Zəfər qazanmağımızda böyük pay sahibi həm də şəhidlərimizin, qazilərimizin, veteranlarımızın valideynləri, ailə üzvləridir. Təbii ki, müharibə itkisiz ötüşmür, cəsur oğullarımızı itirdik. Amma buna baxmayaraq, şəhid anaları, ataları, onların həyat yoldaşları, övladları başını dik tutdu, əsl vətənpərvərlik ruhu nümayiş etdirdilər, Vətəni bütün dəyərlərdən ali hesab etdilər. Şanlı Bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu, şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir. İstər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Hələ müharibənin gedişi zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ata-ana qayğısı ilə hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar. “Mən hər zaman qazilərin yanında olacağam” deyən, Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirirdi. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər bir daha sübut edir ki, dövlətimiz hər zaman öz əsgərinin yanındadır. Keçirilən bütün tədbirlərdə onların qəhrəmanlıqlarından bəhs olunur, xalqımız mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur Həmişə bizim olmuş Qarabağımızda şanlı bayrağımız bu gün qürurla dalğalanır. Bu, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən böyük arzusu idi. Erməni vandalları tərəfindən talan edilmiş ərazilərimizdə hazırda sürətlə abadlıq-quruculuq işləri aparılır. Qarabağın, Şərqi Zəngəzurun əsl sakinlərinin öz ata-baba yurdlarına qayıdışına Zəngilanın Ağalı kəndinə qayıdışla start verilib. Artıq mədəniyyət paytaxtımız Şuşa şəhəri bir sıra əlamətdar tədbirlərə ev sahibliyi etməkdədir. Oradan ucalan musiqi səsi bütün dünyada eşidilir və bu, bizim hər birimizi böyük şövqlə qürurlandırır. Fizuli Beynəlxalq Hava Limanının tikintisi səkkiz aya yekunlaşdırıldı, açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər, yaxın vaxtlarda Zəngilan Aereportunun açılışı olacaq. 2024-cü ildə Laçın Aereportu istifadəyə veriləcək. 2023-cü ildə Laçınlıların öz dogma torpaqlarına qayıdışına başlanacaq. İnanırıq ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bütün sahələrdə uğurlarını davam etdirəcək və dünya dövlətləri arasında öncül yerini qoruyub saxlayacaq.