YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dəmir Yumruq” milli həmrəyliyimizin rəmzidir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Ermənistan 2020-ci ilin sentyabr ayıın 27-nə qədər atdığı addımları ilə münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirmiş, artıq tarixə qovuşmuş münaqişənin hərbi çözümünü alternativsiz varianta çevirmişdi. Ermənistan nə beynəlxalq hüquqa, nə mütərəqqi ümumbəşəri çağırışlara, nə də beynəlxalq qurumların bəyanatlarına məhəl qoymayaraq sərsəm bəyanatlar və onun nəzarətində olan Qarabğdakı separatçı rejim təmsilçilərinin açıqlamalarla yeni müharibəni artıq qaçılmaz reallığa çevirmişdi. Düşmənin 2020-c ilin sentyabr ayının 27-də əl atdığı növbəti və nisbətən geniş miqyaslı təxribatı artıq son sözün danışıqlar masasında deyil cəbhədə keçərli olmasını göstərdi. Nəticədə müasir Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Bu gün Azərbaycan xalqı dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır. Xüsusi vurğulanmalıdır ki, vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında formalaşmış Azərbaycan gəncliyi şərəfli və ləyaqətli mübarizə apararaq, döyüş meydanında öz sözünü deyərək, iradəsini nümayiş etdirərək, mübarizə ruhunu ortaya qoyaraq yeni qəhrəmanlıq salnaməsi yaratdı.

İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müəllifi olduğu “Dəmir Yumruq” əməliyyatı ilə 44 gün ərzində işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum – sülhə məcburetmə əməliyyatları nəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan 2020-ci il noyabrın 10-da təslimçilik bəyannaməsini imzalamağa məcbur oldu və qalib Azərbaycanın irəli sürdüyü şərtlər daxilində öz üzərinə  həm Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə belə atmadan azad edilməsi, həm bütün hərbi birləşmələrinin Azərbaycan ərzilərindən çıxarılması, həm də Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması ilə bağlı öhdəlik götürdü.

Başqa sözlə, güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, hərbi texnika, silah-sursat ələ keçirildi. Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ov oldular. PUA-lardan səmərəli istifadə olunması XXI əsrin müharibəsinin əvvəlki savaşlardan fərqli olduğunu göstərdi.

Xüsusi olaraq qeyd olunmalıdır ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandannın müəllifi olduğu “Dəmir Yumruq” ifadəsi xalqımızın milli həmrəylik simvoluna çevrilərək həm hərbi-strateji və mənəvi siyasi əhəmiyyətə, həm də xüsusi rəmzi mənaya malikdir. “Dəmir yumruq” ifadəsinə 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra dəfələrlə rast gəldik, bu söz birləşməsindən qürurla, şərəflə istifadə etdik. Ekran qarşısında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını izləyərkən, dövlət başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində fikirlərini dinləyərkən yaddaşımıza həkk olunan “dəmir yumruğun” varlığına, gücünə-qüdrətinə və əzəmətinə şahidlik etdik. Prezidentimiz dəfələrlə qeyd etdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. Prezident İlham Əliyevin istifadə etdiyi bu ifadə İkinci Qarabağ müharibəsində sonradan hərbi əməliyyat adı kimi tarixin yaddaşına yazılıb tarixiləşdi. Ali Baş Komandanımız qürurla qeyd etdi ki, “Biz “Dəmir Yumruq”la erməni faşizminin başını əzdik, belini qırdıq”. “Dəmir yumruq”, hər şeydən əvvəl, qətiyyət, güc və həmrəylik simvoludur. Dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında olan Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordumuzun gücü, nəhayət, öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi - bütün bunlar “Dəmir Yumruq”un rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir və “Dəmir Yumruq” bu gün də yerindədir!

Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərb strategiyası Azərbaycana cəmi altı həftəyə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Əlbəttə, bu qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilmədi. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar XXI əsrin müharibəsinin Azərbaycan modelini əks etdirir və bu təcrübənin dünyada, o cümlədən aparıcı hərbi məktəblərdə geniş öyrənilməsi - nümunə kimi göstərilməsi ölkəmizin hərbi-strateji qüdrətinin və siyasi prestijinin əyani ifadəsidir. Prezident İlham Əliyevin dediyi kimi, bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu. O, bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında ağıllı siyasət yeridə, hədəfə doğru əminliklə irəliləyə biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta yetirdi. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli lideri İlham Əliyev olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilmədi. Təbii ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir. Bu Qələbə, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir. Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi regionda Azərbaycanın diktəsi ilə yeni bir tarix yazılır.

 Bu günün tarixində yer almaq dünənin siyasətindən düzgün nəticə çıxarmaqdan asılıdır. Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Bu, həm də bölgənin geostrateji gələcəyinin inşasıdır. Ermənistanın gələcəyi də buradadır - təbii ki, İrəvanın yanaşmasından asılıdır. Ermənistanın, bir zamanlar güvəndiyi (və hələ də sığınmağa, yarınmağa çalışdığı) qüvvələrin bu gün regional proseslərə təsir etmək və bölgədə geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur. Bir vaxtlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, bu məsələdən yayınmağa çalışan, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli - yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ sözünün əvvəlinə yamaq edilmiş “Dağlıq” anlayışı var. Görünən budur ki, Azərbaycanın “münaqişə bitib, “Dağlıq Qarabağ” məfhumu yoxdur” haqlı, obyektiv yanaşması beynəlxalq miqyasda - bütün səviyyələrdə siyasi-hüquqi müstəvidə qəbul edilib. İstər üçtərəfli bəyanatlarda, istərsə də Avropa İttifaqı Şurası prezidentinin mətbuata açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, qondarma status məsələsindən bəhs olunmaması, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin münaqişənin bitməsi barədə fikirləri də bu reallığın ifadəsidir. Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və bölgədə geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan yeni nizam yaradır.

Bu gün Azərbaycan düşmənin zaman-zaman sərhədboyu ərazilərdə mənfur təxribatlarına baxmayaraq postmünaqişə dövrünün 5 baza prinsipi əsasında sülh gündəliyini təbliğ edir və sülh prosesi istiqamətində beynəlxaq səviyyəli görüşlərdə diqtə edən tərəf kimi çıxış edir.  Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda yaratdığı reallıqlardan doğur.