YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycan dünyada siyasi plüralizmin hökm sürdüyü dövlət imici qazanıb

"Azərbaycan vətəndaş cəmiyyəti institutlarına, KİV-lərə və QHT-lərə yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə görə, dünyada siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazanıb".

Bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Azərbaycan müasir dünyada" adlı konfransda çıxışı zaman deyib.
Ə.Həsənov bildirib ki, bu amil Azərbaycanın beynəlxalq imici və geosiyasi gücünə real təsir göstərib:
"Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri, dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar. Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik həyatında iştirak edir və müvafiq sahələrdə geosiyasi maraqlarını təmin etməyə çalışır".
Azərbaycanın uğurlu neft strategiyasından danışan Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycan Xəzər Dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində ən əlverişli və ümidverici tərəfdaş hesab olunur.
O qeyd edib ki, dünyada alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri hesab olunan məhsulun dünya bazarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır.
PA rəsmisi bildirib ki, hazırda Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorosiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən 3 neft kəməri Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxmunən 30-40 milyard kubmetr olan maye qaz kəmərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini sıfıra endirib:
"Avrasiyanın ən tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət enerji, yanacaq və nəqliyyat kommunukasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir".

Ə.Həsənov bildirib ki, dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri Azərbaycanı üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir: "Azərbaycanın tranzit imkanları artdıqca planetar geosiyasətin dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur. Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran başlıca amillərdən biri də onun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli vətəndaş birliyinə, xalq tərəfindən dəstəklənən milli strategiyaya, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxili və xarici siyasət yürütməsidir".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda xristianlıqla islamın sərhədlərinin və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada fəaliyyət göstərdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan, öz multikulturast və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilən dövlət hesab olunur.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan regionda yürütdüyü balanslı siyasəti ilə həm avroatlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib.