YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan Avropanın idman həyatının çox önəmli bir hadisəsinə ev sahibliyi etmiş ölkə kimi tarixə düşəcək

«Gələcəkdə Avropa Oyunlarının tarixi yazılarkən bu Oyunların əsasının Azərbaycanda qoyulduğu xüsusi qeyd ediləcək. Bu da o deməkdir ki, Azərbaycan, Bakı artıq Avropanın idman həyatının çox önəmli bir hadisəsinə ev sahibliyi etmiş ölkə və şəhər kimi tarixə düşəcək». Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Əli Əhmədov bildirib ki, ilk Avropa  Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi Azərbaycanın inkişafı, dünya birliyinə inteqrasiyası ilə bilavasitə bağlıdır. Bundan başqa, Azərbaycanın genişmiqyaslı idman yarışlarının və ya mədəni tədbirlərin keçirilməsinə ciddi yanaşmasının, bütün bu tədbirlərin yüksək səviyyədə təşkilinə Avropanın inanmasının nəticəsidir.

Oyunların yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün işlərin artıq görüldüyünü vurğulayan Baş nazirin müavini qeyd edib ki, Azərbaycan dəfələrlə Avropa miqyasında, ondan da daha geniş bir miqyasda maraq doğuran böyük idman və ya mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilib: «Əlbəttə, hər bir azərbaycanlı üçün qürur mənbəyidir ki, ilk Avropa Oyunları Bakıda keçiriləcək. İlk Avropa Oyunlarının standartları Bakıda müəyyənləşdiriləcək və bundan sonra Avropa Oyunlarını hansı ölkə keçirəcəksə kifayət qədər məsuliyyətlə yanaşmalı olacaq ki, bu Oyunları Bakıda qoyulmuş standartlara uyğun şəkildə keçirməyə müyəssər olsun».

YAP Sədrinin müavini  vurğulayıb ki, bu gün Azərbaycan dünyanın gözündə çox önəmli bir ölkəyə çevrilib. «Təsadüfi deyil ki, ayrı-ayrı beynəlxalq tədbirlərin keçirilməsi üçün yer axtaranda ilk yada düşən ölkələrdən biri də məhz Azərbaycan olur. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlıdır»- deyə, Əli Əhmədov qeyd edib.