YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın təxribatları iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbədir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı ilə Prezident İlham Əliyev Azərbaycanın geniş tranzit və nəqliyyat-logistika imkanlarına malik olmasını həm Sammit iştirakçılarının, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkəmizin tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf etdirilir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində Azərbaycanın böyük rolu vardır. Ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarına Xəzər dənizi, avtomobil və dəmir yolları, həmçinin hava yolları daxildir. Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodunda bütün növ gəmilər istehsal edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir. Sammitdə çıxışı zamanı Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin bununla yekunlaşmadığını və ildə 25 milyon tona qədər artırıla biləcəyini qeyd etdi.

Son 20 ildə ölkəmizdə 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikilməsi və ya əsaslı təmir edilməsi Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanların inkişaf etdirilməsinə xidmət edən işlərdir. Həmçinin 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu da çəkilir ki, bu da istiqamətdə həyata keçirilən işlərə böyük töhfədir. Bundan əlavə, Azərbaycan regionda ən böyük mülki hava yük donanmalarından birinə malik olan ölkədir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayının 7-dən 9-a çatdırılması bu istiqamətdə də ölkəmizin birinciliyini qoruyub saxlamasını şərtləndirəcək.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Prezident İlham Əliyev ölkəmizin haqq işinə diqqət çəkərək Vətən müharibəsindəki Zəfərimizlə yaranmış yeni reallqların iqtisadi əhəmiyyətindən bəhs etdi. Doğurdan da 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır.

Ölkə başçısı həmçinin cari ilin 13 sentyabr tarixində Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyini Sammit iştirakçılarının diqqətinə çatdıraraq Azərbaycan silahlı qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə aldığını vurğuladı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan milli maraqlarını hər zaman qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğuna da diqqət çəkdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalmışdı. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, ölkəmizdəki vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Lakin Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Bir sözlə, ölkəmiz öz gücünə beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasına nail oldu.

Prezident İlham Əliyev  Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində onu da bildirdi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Çünki Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan dünyada yüksək nüfuz sahibi olan ölkədir. 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və ölkəmizin sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması deyilənlərə əyani sübutdur.