YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli mənafeyə müxaliflər, yaxud Nensi Pelosinin bizə ədalət dərsi keçməyə haqqı çatırmı?

Elnarə Akimova

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Hər dəfə məmləkət tarixi sınaq qarşısında qalanda, taleyüklü problemlərlə yüklənəndə ölkə içində əzəli əbədi əlbəyaxa baş qaldırır. Xam püxtəyə, nadan müdrikə əl, dil və silah qaldırır, milli satqınlar total siyasi stress yaradır, xaos və stixiya anından istifadə edib dərhal asi libasına bürünürlər. Əvvəlcə sərhəd xəttində başqa verən qanlı qarşıdurma, şəhid acıları ilə gərginləşən mənəvi durumumuz azmış kimi, neçə gündür ölkə mediasını zəbt edən Nensi Pelosi faktı ölkə daxilindəki qatı boyaları bütün kəskinliyinə rəğmən görməyə imkan verir. Nensiyə haqq qazandıran havadarları arasında təəssüf ki, milli müxalifətçilərin də sayı artmaqdadır. Nensi Pelosinin mövqeyi də, fikirləri də təəccüb doğurmur. Nədən ki, ABŞ ötən əsrin 90-cı illərindən, bir qədər də dərinə getsək XX əsrin əvvəllərindən sərgilədiyi düşmən mövqeyinə sadiqdir. Erməni diasporunun aktivliyi, kilsə sevgisi, din birliyi onları daim ortaq müstəvidə, ortaq mənəviyyatsız məkanda birləşməsinə imkan yaradan faktor olub. İndi bunun bir şəxsin simasında açıq sərgilənməsi, özünün Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sərsəm mülahizələrində açıq şəkildə əksini tapması ilə yeni bir şey kəşf edilmir. Üstəlik, Nensi Pelosinin ermənipərəst siyasətçi kimi tanınmasını və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olmasını, qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini, Pelosinin də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə etməsi məsələsi dünyanın bir çox ölkələri tərəfindən etiraf edilməkdədir. Siz təsəvvür edin, bunu başqa dövlətlərin nümayənləri yazır, qeyd edir, mülahizələrini səsləndirir, amma içimizdəki milli satqınlar Nensi ilə eyni cəbhəni bölüşür, onun fikirlərinə çəkinmədən qarşılıq verirlər. Halbuki sorğulanmalıdır: doğrudanmı, bizə ədalət dərsi verməyə Nensi Pelosinin haqqı çatır? Doğrudanmı, 30 illik haqq mübarizəmizi görməzdən gələn, Xocalı soyqırımına inadkarlıqla susan, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi prosesinə, yurd-yuvasından didərgin düşmələrinə etiraz səsini çıxartmayan bir dövlət indi ədalətin nə olduğunu bizə başa salmaqdan çəkinmir? Özünün qlobal zor və şər stixiyasına, antiinsan və antitəbiət rejimə, məzhəbçi müharibə və genosid kultlarına, Osvensimə gətirib çıxaran sinifçi və irqçi fəlsəfələri, vulqar-qərbçi “humanizm” və “intibah” oyunları ilə bütün dünyanı zəhərləməkləri azmış kimi, hələ ədalət və əxlaq dərsi keçməyə özlərində cəsarət tapırlar. Təsəvvür edin, 30 il susmaq rejimini seçən bir dövlət indi bərk həyacanlan içərisindədir və öz nümayəndələri vasitəsilə danışmaq zamanını fövtə vermir: ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin dili ilə “Biz Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pisləyirik”, - deyir. Əcəb məntiqdir. Görəsən ermənilərin formalaşmış istilaçı obrazını niyə pisləmirlər, niyə tələb irəli sürmürlər ki, erməni hərbi birləşmələri Qarabağdan çıxsın, delimitasiya məsələləri, Zəngəzur dəhlizi problemi həll olunsun, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və qəbul etsin.

Müxalifət isə bütün hallarda onlarla eyni cəbhədədir. Heç bir halda, ən çətin məqamlarda belə dövlətin yanında olmağı özlərini borclu saymırlar. 44 günlük müharibə dönəmində bunun acı mənzərəsi ilə qarşılaşmışdıq. Milli müqəddəratımızın sınağa çəkildiyi ən ağır zamanda belə özünü müxalifət adlandıran partiyalar haqqın yanında dayanmağa özündə güc tapa bilmədi. İndi də o cümlədən. Torpağın, xalqın, millətin yanında olmaq əvəzinə bulanıq suda balıq tutmağa çalışırlar. ABŞ, Avropa və İrana quyruq bulayıb dövlətimizi və onun siyasətini pisləyir, ölkəmizi təcavüzkar adlandırırlar.

Bununla ictimai və milli-mənəvi həyatımızda xaos yaratmağa çalışır, gələcəyə apokaliptik baxışı gücləndirmək, ictimai əxlaq və mentaliteti laxlatmaq istəyirlər. Özü də bunu təmsil edən qüvvələr o zaman aktivləşir ki, uzun illər gözlədiyimiz proseslər gerçəkləşməkdədir. Bizə mənsub olan tarixi ərazilərimizi bərpa edib bütöv, vahid Azərbaycan qurulur. Amma görünür, bu illər ərzində bizim itkilərimiz yalnız ərazi, torpaq itkisi olmayıb. Milli yaddaşı itirib manqurda çevrilmək faciələrin ən ağırı imiş. Çünki torpağı savaşıb geri almaq olur, necə ki, aldıq. Amma manqurddan vətəndaşa çevrilmək mümkün olmur, necə ki, bunu görürük.

Dövlət olaraq qlobal, geopolitik maraqların seysmik zonasındayıq, müxtəlif diskriminasiyalara, haqsız hücumlara məruz qalırıq. Belə bir durumda millətin ziyalı potensialı, intellekt arsenalı da milli bütünlüyün yaradılmasına səfərbər olunmalıdır. O qədər güclü şəkildə fəaliyyət göstərməlidir ki, Azərbaycanın içində və çölündə aktivləşən zümrələr, separatçı şüur və fəaliyyətə qida verən ideyalar funksionallıq qazana bilməsin. Tərəzinin gözünə xalq və Vətən anlayışını qoyub alver edənlərə, faciədən bəhrələnmək əxlaqı nümayiş etdirənlərə qarşı qətiyyətli olub milli şüurda, ovqatda, psixologiyada iqlim dəyişikliyinə aparan hər şeyin qarşısında sipər olmalıdır.

Bircə məsələni anlamıram. Milli mənafedən söhbət getdiyi yerdə hansı “müxalifət” mövqeyi sərgiləmək olar? Bəli, heç kəs müharibə istəmir. Hamı bu münaqişənin sülhlə bitməsini arzulayır. “Əlvida, silah”, - demək istəyirik. Amma sənin hüququn tapdanırsa, qarşı tərəfdə silahlar susmursa, yaxud düşmən sənin torpağından çəkilib getmirsə yenidən silaha sarılmaqdan və cavab atəşi açmaqdan başqa yol qalmır. Bunun adı təcavüzkarlıq deyil, artıq. Çoxlarının özgə qapılarında salıb itirdiyi ləyaqət və milli heysiyyatdır.

DİGƏR Xəbərlər Arxiv