YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün Azərbaycan regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir.

Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələri yazıldı. Müzəffər Ordumuzun rəşadəti, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi və əsl sahiblərinə qaytarıldı.

Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il tarixdə imzalanmış üç tərəfli bəyanatdan irəli gələn öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməsi, xüsusilə Zəngəzur dəhlizinin açılması və bu kimi aktual məsələlər bu gün dünyanın diqqət mərkəzindədir. Regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı bölgədə dayanıqlı sülhün yaranması və iqtisadiyyatın şaxələndirilməsinə öz müsbət töhfələrini verəcəkdir.

Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası region ölkələri üçün də mühüm strateji əhəmiyyətə malikdir. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışın təmini baxımından əhəmiyyətli olacaq. Ermənistan isə Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər və özünün düşdüyü iqtisadi blokadadan çıxmaq şansı əldə etmiş olar. Tarixi və əzəli Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Ermənistan Azərbaycanın təklif etdiyi sülh gündəliyini dəyərləndirməlidir, çünki başqa yolu yoxdur.

Bir sözlə artıq çox acınacaqlı durumda olan Ermənistan Azərbaycanın diktə edən ölkə olduğunu çox yaxşı anlayır və öz üzərinə düşən tələbləri yerinə yetirməyə borcludur.

Nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq və bu dəhlizin açılması ilə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək.