YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni təxribatı beynəlxalq platformada

Bəxtiyar Mustafayev

YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini

Məlum olduğu kimi, sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin növbəti Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Sammitdə çıxış edən Azərbaycanın dövlət başçısı Cənubi Qafqazda mövcud vəziyyət, eləcə də Təşkilata üzv ölkələri maraqlandıran bir çox digər məsələlər barədə ətraflı açıqlamalar təqdim edib. İlk növbədə Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Məlumdur ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Məhz buna görə də bu dəhlizin ŞƏT ölkələri üçün əhəmiyyəti kifayət qədər böyükdür.

Lakin bu gün Ermənistan regionda törətdiyi irimiqyaslı təxribatlarla vəziyyəti gərginləşdirməyə və beynəlxalq nəqliyyat-logistik layihələri təhdid altına qoymağa səylər göstərir. O cümlədən Ermənistan silahlı qüvvələrinin sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədi boyunca Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı hərbi təxribat bu ölkənin hakimiyyətində duran hərbi-siyasi rejimin işğalçı-faşist simasını bir daha bütün dünyaya nümayiş etdirdi. Prezidentin də qeyd etdiyi kimi, baş verənlərə görə bütün məsuliyyət erməni faşizmini təbliğ edən, ölkədə revanşist əhval-ruhiyyəsini qızışdırmağa çalışan rəsmi İrəvanın üzərindədir.

Aydındır ki, Ermənistanın bu günədək sərhədlərin demarkasiya məsələsində də təcavüzkar mövqedən çıxış etməsi və qəsdən mübahisəli vəziyyət yaratmağa çalışması da ilk növbədə məhz planladığı belə təxribatlar üçün zəmin yaratmaqdır. Çünki sərhədlər dəqiq müəyyənləşdirilmədikcə, kimin kimə hücum etdiyini aydınlaşdırmaq da çətin olur. Ermənistanın bir tərəfdən indiyədək hələ də Azərbaycana mina xəritələrini verməməsi, digər tərəfdən də bizim ərazilərdə yeni minalama cəhdləri ilə genişmiqyaslı hərbi hücumları üçün platforma yaratmağa və eyni zamanda da Azərbaycanın müdafiə imkanlarını məhdudlaşdırmağa səy göstərir. Bu isə açıq-aşkar rəsmi İrəvanın hələ də ölkəmizə qarşı təcavüzkar planlarından xəbər verir.

Aydındır ki, dünyadakı antiazərbaycan qüvvələrini narahat edən məqamlardan biri də Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan roludur. Enerji təhlükəsizliyinin təminatı isə regionda sülhün və stabilliyin mövcudluğundan birbaşa asılıdır. Deməli, Ermənistanın hərbi təxribatlarının bir məqsədi də məhz Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasıdır. Nəhayət, 13 sentyabr insidenti eyni zamanda, həm də Minsk Qrupunun reanimasiyasına bir cəhd kimi qiymətləndirilə bilər. Bütün bunlar bir daha Ermənistanın Cənubi Qafqazda sadəcə forpost ölkə olduğunu bir daha təsdiq edir.

Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ermənistanın bu kimi təxribatlara görə qınanması və rəsmi İrəvana qarşı ciddi tələblərin irəli sürülməsi yönümündə yenə də səmərəsiz fəaliyyət göstərirlər. Eyni vəziyyət iki il bundan öncəki dövrə qədər də davam edirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı və icra olunmadı. Bütün bu illər ərzində isə Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Nəhayət, 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu və bundan dərhal sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.

DİGƏR Xəbərlər Arxiv