YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Serbiya parlamentlərarası əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə edilib

Mayın 4-də Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyəti Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

Görüşdə ölkələrimizin dostluq münasibətlərindən danışılıb, qanunverici orqanlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Məlahət İbrahimqızı bu cür görüşlərin keçirilməsinin əlaqələrimizin daha da genişləndirilməsinə töhfəsini verəcəyini qeyd edib. Azərbaycan ilə Serbiyanın dostluq əlaqələrinin ildən-ilə gücləndiyini deyən Məlahət İbrahimqızı iki ölkə arasında münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulayıb. O, bildirib ki, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin genişlənməsində hüquqi baza rolunu oynayır.

İşçi qrupunun rəhbəri nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Qeyd edib ki, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Münaqişənin həlli istiqamətində BMT-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan Ermənistan beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlər edir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli görüşdə çıxış edərək parlamentlərarası əlaqələrin genişləndirilməsinin önəmindən söhbət açıb.

Nümayəndə heyətinin rəhbəri xanım Yadranka Yoksimoviç Azərbaycana səfərindən məmnun olduğunu bildirib və təmsil etdiyi partiyanın fəaliyyəti barədə məlumat verib. İki ölkə arasındakı dostluq əlaqələrindən danışan Yadranka Yoksimoviç bu cür səfərlərin münasibətlərin daha da genişləndirilməsinə töhfəsini verəcəyini söyləyib. O, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qonaq, həmçinin bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır və Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.