YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yenidən qayıdış

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Həyatda təsadüflər olmur. Təsadüf kimi görünən hər bir hadisə zərurətdən doğur. Az-çox tarixdən anlayışı olan adamam və bir hadisə barədə yazanda da müqayisələr, paralellər, analogiyalar aparmağa üstünlük verirəm. Ancaq onu da etiraf edim ki, heç bir analogiya birəbir təkrarlanmır. Bəli, tarixdə Napoleon faktoru da, Çörçil və De Qoll amilləri də, digərləri də olub. Bu şəxsiyyətlərin hamısı bu və ya digər şəkildə yenidən hakimiyyət olimpinin zirvəsinə yüksələ bilib. Amma onların heç biri mənim xalqımın lideri qədər dramatik və kəskin virajları qət etmək məcburiyyətində qalmayıb, heç biri onun qədər antaqonist ziddiyyətlərlə rastlaşmayıb. 

Mənim vətənim böyük ölkə deyil, ancaq tərkibində olduğu metropoliya nəhəng idi. Dünyanın ən iri dövləti idi və bu nəhəng dövlətin zirvəsinə yüksələn şəxsiyyət, ən azı o dövlətin miqyası qədər ənginliyə, kalibrə malik bir düha idi.  

Müstəqillik yolumuzun başlanğıc nöqtəsi kimi adətən Ümummilli Liderimizin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və 1991-ci ildə Muxtar Respublikaya rəhbər seçildiyi dövr hesab edilir. Başlanğıc nöqtəsi, məkan olaraq Naxçıvan idi, tarix olaraq isə daha öncələr - bu şəxsiyyətin dünyaya gəldiyi 20-ci illər, şəxsiyyət kimi formalaşdığı 30-cu illər idi. Çünki Azərbaycan milli məfkurəsinin, milli ideologiyasının əsasını qoyan, təməllərini formalaşdıran bir şəxsiyyətin özünün formalaşma dövrü 90-cı illərlə məhdudlaşa bilməz. Bu, anlıq bir məsələ deyil, mürəkkəb, uzun prosesdir və prosesin xronoloji başlanğıcı mənəvi formalaşmadan əlahiddə götürülə bilməz.

90-cı illər və xüsusilə də 3 sentyabr 1991-ci il tarixi, sadəcə Heydər Əliyevin vətənə dönüşündən sonra yarımçıq qalmış bir missiyanı tamamlamaq mərhələsinin başlanğıcı, müstəqil Azərbaycan dövlətinin təməllərinin atılması yolunda növbəti, həlledici döyüşə atılmaq mərhələsi, xilaskarlıq missiyasının növbəti notları idi. Bu mərhələ müstəqil dövlətçilik fəlsəfəsinin konturlarının cızıldığı, ideya-siyasi istiqamətinin və inkişaf perspektivlərinin bərqərar edildiyi bir mərhələ idi.  Milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərinin atıldığı mərhələ idi. Milli maraqlarımızın müdafiəsi uğrunda insanların bir şəxsiyyət ətrafında bütünləşməsi, millətləşməsi, milli ideologiyanın, milli həmrəyliyin, təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda bütün dünyaya səpələnmiş azərbaycanlıları əhatə edən, vahid ideya ətrafında təmərküzləşdirən milli məfkurənin formalaşdırıldığı mərhələ idi.  Bu mərhələ hüquqi dövlətin, vətəndaş cəmiyyətinin, istiqrar və istiqbalın təməllərinin atıldığı, siyasi mübarizə mədəniyyətinin formalaşma mərhələsi idi. Bu mərhələ dövlət atributikasının təsisi, keçmişin acı mirasından qurtuluş mərhələsi idi.

Bu gün dövlətimiz artıq növbəti mərhələyə - sürətli, davamlı və dinamik inkişaf mərhələsinə, beynəlxalq aləmə inteqrasiya, yeni-yeni nailiyyətlər mərhələsinə qədəm qoyub və bu mərhələni də Ulu Öndərin layiqli varisi, onun siyasi xəttinin davamçısı, Heydər Əliyev məktəbinin müdavimi - Yeni Azərbaycanın müzəffər Lideri uğurla davam etdirir. Müdrikcə, vətənpərvərcə və əzmlə davam etdirir.