YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: İki regional nəqliyyat dəhlizi üzərində yerləşməsi Azərbaycanın geosiyasi əhəmiyyətini artırır

Biz Xəzər dənizində ən böyük ticarət limanı inşa etmişik. Bu gün o tam gücü ilə çalışır və biz artıq onu genişləndirməliyik. O, 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olmalıdır. Biz Bakıda gəmiqayırma zavodu inşa etmişik. Biz Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilirik. Biz dəmir və avtomobil yolları tikmişik. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır və zənnimcə, artım 20 faiz səviyyəsindədir.

Bu faktları Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrindən danışarkən səsləndirib.

Bütün bu işlərin Rusiya-Ukrayna müharibəsindən əvvəl görüldüyünü bildirən dövlətimiz başçısı deyib: “Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir. Biz isə yaxşı tariflər təklif edir və bütün zəruri logistika dəstəyi təmin edirik. Yəni, açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir - təkcə Şərqdən Cənuba və geriyə deyil, həmçinin Şimaldan Cənuba. Cənub-Şimal nəqliyyat dəhlizi Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir”.

Prezident İlham Əliyev vurğulayıb ki, iki regional nəqliyyat dəhlizi üzərində yerləşməsi Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və yeni iş yerlərinin yaradılmasına imkan verir: “Biz Cənub-Şimal nəqliyyat dəhlizinin Şərq-Qərb dəhlizi qədər vacib olacağı qənaətindəyik. Bizim üçün onlar bərabər dərəcədə əhəmiyyətlidir. Çünki hər iki dəhliz bizim ərazimizdən keçir”.

DİGƏR Xəbərlər Arxiv