YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüssel görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

“Dördüncü Brüssel görüşünün nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsidir”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə çatır: “Post-müharibə dövründə prosesin bu cür inkişafı sülhün əldə olunması üçün atılan addımlar onu deməyə imkan verir ki, biz çox düzgün yoldayıq və Prezident İlham Əliyevin uzaqgörən siyasəti bu prosesi də bizim xeyrimizə yekunlaşdırmağa və istəklərimizin reallaşmasına gətirib çıxaracaq. Noyabr ayında Brüsseldə növbəti görüş baş tutacaq. Bir ay ərzində sülh müqaviləsinin mətnin hazırlanması və xarici işlər nazirlərinin bununla bağlı görüşü nəzərdə tutulub. Həmçinin sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı fəaliyyət göstərən komissiyalar da növbəti görüşünü Brüsseldə keçirəcək. Bir sözlə, proses Azərbaycanın müəyyənləşdirdiyi gündəlik əsasında və regionda uzun müddətli sülhün, əminamanlığın əldə edilməsi üçün münbit şəraitin yetişdiyini deməyə imkan verir. Noyabr ayında baş tutan görüşdə zəfərin ikinci ildönümündə biz sülh müqaviləsinin imzalanmasının şahidi ola bilərik”.

N.Həmzəyev qeyd edib ki, Azərbaycan həm torpaqlarını işğaldan azad etdi, həm zəfər çaldı, həm də Avropa dəyərlərinə və regionda sülhün, əminamanlığın olması üçün jest edərək qarşı tərəfi bu reallıqlara tabe olmağa məcbur etdi.

“Avropa İttifaqının moderatorluğu, xidmətləri sayəsində biz sülhə çox yaxınıq. Bu görüşdə biz bir daha gördük ki, Ermənistanın və bəzi qüvvələrin yenidən dirçəltmək istədiyi ATƏT-in Minsk Qrupundan ümumiyyətlə söhbət getmir. Həmçinin də revanşist qüvvələrin mütəmadi olaraq ara qarışdırması və “Qarabağ məsələsini” gündəmdə saxlamaq üçün səyləri tamamilə iflasa uğrayıb. Çünki, Şarl Mişelin bəyanatında ümumiyyətlə nə ATƏT-in Minsk Qrupundan, nə də Qarabağdan söhbət getmir. Burada yalnız və yalnız Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və digər məsələlər qeyd olunur. Bu da birbaşa olaraq Azərbaycanın müəyyənləşdirdiyi gündəlik əsasında baş tutan razılaşmadan söhbət getdiyini ortaya qoyur. Biz bir daha əminliklə deyə bilərik ki, bu Azərbaycanın növbəti diplomatik uğurudur və ən qısa zamanda bu proseslərin yekunlaşacağını və regionda istədiyimiz sülhün əldə ediləcəyinin şahidi olacağıq”, - deyə N.Həmzəyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv