YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik tariximizin ən parlaq səhifələri

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ötən əsrin sonlarına doğru Sovet İttifaqının süquta uğraması ictimai-siyasi vəziyyəti ağırlaşdırdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxardı, Ermənistanın əsassız torpaq iddialarına rəvac verdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi böyük sevinclə qarşılandı.

Ümummilli Liderin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının rəhbərlərindən biri olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisəsi, xalqımızın itməkdə olan ümidlərinin dirçəlməsi və gələcəyə inamının artması baxımından möhtəşəm dönüş idi.

“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən etibarən məhz bu fikirlərin işığında öz xilaskarlıq missiyasını həyata keçirib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə - qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər görüb.

Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan Ümummilli Lider düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirib. Muxtar respublikanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli lider Heydər Əliyevin Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi.

1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası da deputatların istəyi və böyük təkidi nəticəsində ümummilli lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada Azərbaycanın müstəqilliyi və suverenliyi üçün böyük tarixi qərarlar qəbul edildi. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvan parlamentində qaldırıldı, Azərbaycanın Ali Soveti qarşısında bu bayrağın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi üçün vəsatət irəli sürüldü. Naxçıvanda milli dövlətçiliyimizin bərpası yönündə atılan addımlar bununla məhdudlaşmadı, 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendum boykot edildi. Ulu Öndərin qətiyyəti, hər şeydən üstün tutduğu milli dövlət maraqları, bu maraqların bərpası və qorunması istiqamətində atdığı tarixi addımlar müstəqilliyimizin bəhrələrini bizə hər gün daha da yaxınlaşdırdı.

Bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərdi. Bir daha göstərdi ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür.

Bir sözlə, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələridir.