YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinə yazılan şanlı gün

Kamilə Əliyeva

Milli Məclisin deputatı

1990-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası parlamentinin yeni tərkibdə seçilən ilk sessiyasının ulu öndər Heydər Əliyevin sədrliyi ilə başlaması Azərbaycan tarixinə şanlı bir gün kimi yazıldı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyinə, suverenliyinə hesablanmışdı.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və sadə insanların təkidi ilə ulu öndər Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi bu günkü müstəqil, güclü Azərbaycan dövlətinin yaranmasının başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş qərarlar müstəqilliyimizin, suverenliyimizin qazanılması üçün böyük imkanlar yaratdı. Fenomenal şəxsiyyət, böyük siyasətçi olan Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə və Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi bu dahi insanın Azərbaycanın xarici siyasətində, ölkənin sosial iqtisadi həyatında yaxından iştirak etməsinə imkan yaratdı.

Ulu Öndər Heydər Əliyev SSRİ dövründə, eləcə də müstəqillik qazandıqdan sonra ölkəmizə rəhbərlik etdiyi vaxt hər zaman Azərbaycan xalqının rifahı naminə respublikamızın tərəqqi və inkişafı üçün tarixi əhəmiyyət kəsb edən misilsiz işlər görüb. Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu, ölkəmizdə vətəndaş həmrəyliyinin, azərbaycançılıq ideologiyasının yaradıcısı, xalqının, dövlətinin xilaskarı kimi adını əbədi olaraq Azərbaycan dövlətinin tarixinə yazıb.

1990-cı ildə siyasi, sosial iqtisadi durumla bağlı Azərbaycanda mürəkkəb vəziyyət yaranmışdı. SSRİ-nin dağılması ərəfəsində keçmiş İttifaq miqyasında, o cümlədən, Azərbaycanda hərc-mərclik, özbaşınalıq geniş vüsət almışdı. Həmin dövrlərdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, mərkəzi hakimiyyətin Muxtar Respublika üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca ağırlaşdırmışdı. 1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Milli Məclisinə Sədr seçildikdən sonra Naxçıvanda sabitlik, həmrəylik, tərəqqi təmin olunmağa başladı.

Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci ilin noyabrın 17-də keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də həmin vəsadətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında " Qanun qəbul edilərək onun yenidən Dövlət bayrağı elan etmişdi.

Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının blokadadan çıxarılması istiqamətində ilk dəfə olaraq qonşu Türkiyə və İranla rəsmi təmaslar quruldu. Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçildikdən sonra Naxçıvanın sosial iqtisadi inkişafında böyük tarixi addımlar atıldı. Naxçıvan Muxtar Respublikası tədricən yeni inkişaf mərhələsinə qədəm qoydu, əhalinin sosial vəziyyəti normallaşmağa başladı.

Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan dövlətinə, xalqına həsr edən, mənsub olduğu Azərbaycan xalqının naminə özünü və ailə üzvlərini belə qurban verməyə hazır olan dahi, əvəzolunmaz şəxs, ən böyük azərbaycanlı olaraq əbədi yaşayacaq.