YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqton növbəti dəfə Azərbaycan milli mədəni irsinin zənginliyinə şahidlik etdi

ABŞ-ın paytaxtı Vaşinqtonda şəhər meriyası tərəfindən mayın 2-də “Dünya boyu səfirliklər turu” adlı mədəni tədbir təşkil olunub. Ardıcıl olaraq üç ildir ki, bu beynəlxalq təşəbbüsə qoşulan Azərbaycanın ABŞ-dakı səfirliyi də həmin gün qapılarını paytaxt sakinləri və Vaşinqtonun çoxsaylı qonaqlarının üzünə açıb.

Azərbaycan səfirliyinin inzibati binasına təşrif buyuran çoxsaylı qonaqlara ölkəmizin milli mədəni irsi, füsunkar təbiəti və müxtəlif sahələrdə qazandığı uğurları əks etdirən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş olunub. Bundan əlavə, səfirliyin əməkdaşları və onların ailə üzvləri gün ərzində ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənəsi və qonaqpərvər insanları haqqında məlumat verib və onların suallarını cavablandırıblar.

Azərbaycan musiqisi və rəqsləri xüsusilə böyük maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən “İpək Yolu” qrupunun ifasında “Nəlbəki” və “Sarı gəlin” kimi milli rəqs nümunələrimiz qonaqlara nümayiş etdirilib. Qonaqlar rəqqaslarla birgə yallı gediblər. Həmçinin səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil edilib və fotoşəkil çəkmək üçün “Qız qalası”nı əks etdirən maket qurulub.

Nəhayət, qonaqlar Azərbaycan mətbəxini ən yaxşı şəkildə təcəssüm etdirən plov süfrəsindən ayrıca zövq alıblar.

Həmin gün Azərbaycan səfirliyinə 1700-dən artıq ziyarətçi baş çəkib. Təqdirəlayiq haldır ki, bu tədbir barədə “Vaşinqton Post” qəzetindəki yazıda Azərbaycan səfirliyinin təqdim etdiyi proqrama da istinad olunub.