YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüssel görüşünün nəticələri böyük önəm kəsb edir

“Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşü regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində atılan daha bir addımdır. Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir. Bu baxımdan, Brüsseldə bu formatda keçirilən dördüncü görüşdə Azərbaycanın şərtləri gündəmdə olub”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün vacib təşəbbüslər göstərir. Azərbaycan Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələri böyük önəm kəsb edir. Əvvəl keçirilən görüşlərdə də faydalı müzakirələr aparılmışdı. Ermənistan əldə edilmiş bütün razılaşmaları yerinə yetirməlidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan regionda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşdən sonra bəyanatında bildirilir ki, görüşdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlinib və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib. Bu fakt sülh müqaviləsinin imzalanması istiqamətində atılan önəmli addımdır. Məlumdur ki, Ermənistan indiyə qədər bu prosesdən yayınmağa çalışırdı. Amma göründüyü kimi sülh müqaviləsi Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında hazırlanacaq.

Üçtərəfli görüşdə həmçinin, humanitar məsələlər, minaların təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılıb. Eləcə də,  sərhədlərin delimitasiyasına dair bütün məsələlər də diqqət mərkəzində olub və delimitasiya komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi qərara alınıb. Kommunikasiyaların açılması da Brüssel görüşünün gündəliyində olub.

“Digər tərəfdən, Şarl Mişelin bəyanatında nə Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupunun adı qeyd olunmur. Bu o deməkdir ki, Azərbaycanın daxili məsələsi olan Qarabağ mövzusu Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan danışıqlar prosesinin gündəliyində deyil. Eləcə də, Minsk qrupu da artıq mövcud deyil. Bəzi dairələrin Minsk qrupunu gündəmdə saxlamaq cəhdlərinə Şarl Mişelin bəyanatı tutarlı cavabdır.   Bütün bunlar o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Beləliklə, Minsk qrupu formatı tarixin arxivinə göndərilib və bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının vasitəçilik formatı var. Azərbaycan Avropa İttifaqının vasitəçilik səylərini, xüsusilə Şarl Mişelin təşəbbüslərini yüksək qiymətləndirir. Çünki Aİ Şurasının Prezidenti Cənubi Qafqazda sülh, təhlükəsizlik  və əməkdaşlıq mühitinin bərqərar olması üçün böyük səylər göstərir. Ona görə də, bu format regionumuzda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bütövlükdə isə, Brüsseldə üçtərəfli formatda keçirilən dördüncü görüşün nəticələri Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyinin ifadəsi, diplomatiyamızın növbəti qələbəsidir”, - deyə S.Fətəliyeva vurğulayıb.