YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Haqq-ədalət çarçıları”nın ədalətsiz davranışları

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, elmlər doktoru

Ölkəmizin mədəniyyət paytaxtı, Cənubi Qafqazın ən mühüm şəhərinə çevrilməkdə olan Şuşamız növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi etdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransa Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.

Lakin təəccüb doğuran hal odur ki, ötən tədbirlərdə olduğu kimi, bu dəfə də dünyanın 5 güc mərkəzindən ikisi - ABŞ və Fransanın ölkəmizdəki səfirləri Şuşada keçirilən mötəbər tədbirə qatılmaq cəsarətini özlərində tapa bilməyiblər. İllərdir Qarabağ probleminin həlli ilə bağlı üzərinə missiya götürmüş, boş-boşuna xərclənmiş 30 il müddətində həmin problemin həllində irəliyə doğru bir addım atmayan və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Orduzumuzun qüdrəti, xalqımızı “Dəmir Yumruq” kimi birliyi, şəhid və qazilərimizin canı-qanı bahasına Böyük Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsi ilə problemi birdəfəlik həll etməklə tarixin arxivinə gömülmüş Minsk Qrupunun həmsədr ölkələrinin Bakıdakı səfirləri bu dəfə də haqq-ədalətdən uzaq mövqe sərgiləyiblər. Sözügedən səfirlərin belə bir ədalətsiz davranışlarının səbəbləri aydın olmasa da, əslində bu addımlardan təəccüblənməmək olar. Ona görə ki, Fransa və ABŞ səfirlərinin Şuşada təşkil olunan beynəlxalq tədbirlərdən kənar qaçması ilk dəfə deyil. Xatırlayırsınızsa, bundan əvvəl də Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-10-u Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.

Söz yoxdur ki, Vaşinqton və Parisin bu addımını əsasən ermənipərəst mövqe kimi şərh etmək olar. Çünki istər münaqişədən əvvəl olsun istərsə də, post-münaqişə dövründə Minsk qrupunun hər bir təmsilçi ölkələri münaqişə tərəflərinə münasibətdə ayrı-seçkilik nümayiş etdirərək, bir növ ölkəmizin regionda yaratdığı yeni reallıqları qəbul etməkdə çətinlik çəkirlər. Məgər, bu güc mərkəzləri deyildir ki, I Qarabağ Müharibəsində Azərbaycanın torpaqlarının 20 faizi işğal olunanda bu baş verənlərə göz yummaqla yanaşı, bir çox hallarda erməni işğalçılardan siyasi, iqtisadi, hərbi dəstəyini belə əsirgəmirdilər, onların törətdikləri soyqırımları, vəhşilikləri, evlərindən-eşiklərindən güclə didərgin salınmış dinc sakinlərimizin əmlaklarını yağmalamalarını gözardı edirdilər.

Münaqişə bitdikdən sonra da işğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinə maliyə dəstəyi göstərməmələri azmış kimi, Azərbaycanın yalnız öz daxili imkanları hesabına ərsəyə gələn nəhəng infrastruktur layihələri qısqanclıqla qarşılayırlar. 

Əslində hökumətimizin o ölkələrin səfirlərini Şuşa, Ağdam, Cəbrayıl, Zəngilana dəvət etməkdə israrı onları ermənilərin yaratdığı xarabalıqlarda salınan əsrarəngiz gözəllikləri görməklə, kimin bu torpaqların əsl sahibi olduğunu əyani görmələrinə yardımçı olmaq istəyi ilə bağlıdır. Ancaq görünən odur ki, həmsədr ölkələr müharibənin nəticələrinin aradan qaldırılması barədə yox, Azərbaycan-Ermənistan qarşıdurmasının yenidən alovlanmasında maraqlıdırlar. Belə olmasaydı, səfirləri Şuşa, Ağdam, Zəngilana səfərlərdə iştirakdan imtinaya nə vadar edə bilərdi?

Təbii ki, hər bir səfir yüksək çinli diplomatik nümayəndə olmaqla, öz dövlətinin maraqlarının təmin olunması ilə məşğul olsa da, olduğu ölkənin də beynəlxalq qanunla və prinsiplərlə təsbit olununan maraqlarına xələl gətirəcək addımlara yol verməməlidir. Bu nöqteyi-nəzərdən Fransa və ABŞ-ın Azərbaycandakı səfirlərinin Şuşada təşkil edilən səfərdə iştirak etməmələri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözləri ilə desək, Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərmələri olmaq bir yana, ərazi bütövlüyümüzə qarşı açıq-aşkar hörmətsizlikdir.

Azərbaycana münasibətdə ermənipərəst siyasət yürüdən rəsmi Parisin mövqeyini hardasa başa düşürük. Birinci dəfə deyil ki. Biz bu münasibəti 44 günlük Vətən müharibəsində də açıq şəkildə gördük. Müharibənin ilk günlərindən sona qədər aşkar və qatı ermənipərəst mövqe tutan Fransa Ermənistanı bütün beynəlxalq təşkilatlarda və tribunalarda dəstəklədi, hətta Senatı vasitəsilə Qarabağdakı terrorçu xuntanın “tanınması” barədə qərar qəbul etdi.

Azərbaycanın strateji tərəfdaşı olan ABŞ-ın bu addımı isə sadəcə təəssüf doğurur.

ABŞ özünü dünyaya demokratiyanın beşiyi kimi sırımaqla çox vaxt həqiqətləri ayaqlar altına alır. Ancaq və lakin ortada tarixi reallıq var. Cənablar, gördüyünüz kimi tərəfini saxladığınız ermənilər qalib olan tərəf Azərbaycanın uzatdığı sülh əlini dolayısı ilə geri çevirir. Çünki çox təəssüf ki, qarşı tərəfdə bu səmiyyəti qiymətləndirə bilən beyin sahibi yoxdur. Yox, hər şey güzgü kimi aydındır: nəinki erməni, hətta amerikalı, fransız belə yaxşı başa düşür ki, bütün baş verənlərdə ermənilər qədər onlara “yandaş” olan havadarlar da günahkardırlar.

Bu yerdə Türkiyənin Prezidenti Rəcəb Təyyub Ərdoğanın “Güclünün haqlı olduğu deyil, haqlının güclü olduğu bir sistem yaradana qədər “Dünya beşdən böyükdür” deməyə davam edəcəyik”. “Keçmişin ehtiyaclarına görə qurulmuş təşkilatlarla bu günün məsələləri həll edilmir, əksinə, onlar daha da yeni problemlər çıxarır” kimi dillər əzbərinə çevrilən xitabları yada düşür.

Bəli, bu gün dünya üzrə ən çox ehtiyac duyulan mövzuların başında ədalət gəlir. Qlobal ədaləti təsis etmək öhdəliyini götürən güc mərkəzlərinin, beynəlxalq təşkilatların olduğu ABŞ, Fransa kimi ölkələr çox təəssüf ki, böyük bir ətalət içindədir.

Əsas məsələ də ondadır ki, ölkən böyük, qüdrətli, sözün də hər yerdə keçərli ola bilər. Amma bu böyüklüyündən sui-istifadə edərək beynəlxalq ədaləti hər yerdə bərqərar etmək əvəzinə onları yeri gələndə ayaqlar altına sərə bilirsənsə, gerçəkçliyin yox, yalanın, xeyrin yox, şərin yanında yer almağın əslində sənin böyük yox, cılız olduğuna dəlalət edir. Ürəyin, böyük deyilsə, o güclü, qüdrətli ölkə olmağın heçnəyi dəyişmir.