YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarsılmaz əsaslara malik dostluq

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Ortaq dil, mədəniyyət və din bağı olan bu qardaş xalq daim Azərbaycanın haqq işini müdafiə edib.

Hər iki dövlət arasında siyasi və diplomatik münasibətlər isə müstəqilliyin bəhrəsidir. Ulu Öndər Heydər Əliyevlə Qazaxıstanın Birinci Pezidenti-Elbası Nursultan Nazarbayev arasında bağlanmış çoxsaylı müqavilələr bu iki xalqın taleyində mühüm rol oynayıb, dövlətlərimizin vahid strategiyaya əsaslanan əməkdaşlığının əsasını qoyub.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu kursu inamla və yeni müstəvidə uğurla davam etdirərək iki xalq, iki dövlət arasında sözün əsil mənasında birlik və qardaşlıq körpüsü yarada bilib. Xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət təqdirəlayiqdir. Prezident İlham Əliyevin Qazaxıstanın ali ordeni olan  “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi hər bir vətəndaşda qürur hissi doğurur.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səfəri çərçivəsində Azərbaycan ilə Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın və strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması iki ölkənin perspektiv əməkdaşlıq əlaqələrinin daha da inkişafına əlavə təkan verəcək. Bütün bunlardan əlavə Qazaxıstan Azərbaycanın reallaşdırdığı daha bir iri layihənin – Zəngəzur dəhlizinin tərkib hissəsinə çevrilməkdədir. Bu mənada, ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri də reallaşmış olacaq

Azərbaycan və Qazaxıstan arasında bir sıra mühüm sənədlərin imzalanması, iki ölkə arasında münasibətlərin yeni bir mərhələyə yüksələcəyinə dəlalət edir. Bu günə kimi Azərbaycanla Qazaxıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcud idi. Bu səfərdən sonra yeni bir mərhələnin başlanğıcı heç şübhəsiz iki ölkə arasında həmin münasibətlərin yeni bir mərhələyə çıxarılması, eyni zamanda iki ölkənin inkişafına və tərəqqisinə xidmət edəcəkdir və xalqlarımızı, ölkələrimizi daha da yaxınlaşdıracaq.

Zamanın sınağından çıxmış, dostluq, qardaşlıq, bərabər imkalara və qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin davam və inkişaf etdirilməsi təkcə iki ölkənin deyil, həm regionun, həm də bütövlükdə Türk dünyasının inkişafında böyük rol oynayacaq, Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcəkdir. Çünki bu birlik, bu əməkdaşlıq sarsılmaz əsaslara malikdir.