YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlığın bariz nümunəsi

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının artıq 30 ili tamam olur. Məhz bu ərəfədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri mühüm siyasi hadisə olaraq dəyərləndirilir. Səfər zamanı 20-dən çox sənədin imzalanması ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsinə hədəflənib. Təsadüfi deyil ki, avqustun 24-də Azərbaycan və Qazaxıstan arasında imzalanan Bəyannamə də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” adlanır. Bu Bəyannamə, eləcə də imzalanmış digər sənədlər ikitərəfli əməkdaşlıqda yeni səhifə açacaqdır. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edəcək münasibətlər daha da inkişaf edəcək və iqtisadi imkanların artmasında əlavə zəmin yaradacaqdır.

Xalqlarımızın eyni soy-kökə məxsus olmaları ölkələrimizin münasibətlərini möhkəmləndirən başlıca amillərdəndir. Bu gün Azərbaycan və Qazaxıstan arasında heç bir sahədə fikir ayrılığı yoxdur, əksinə hər bir məsələdə ölkələrimizin mövqeyi üst-üstə düşür. Azərbaycan və Qazaxıstan strateji tərəfdaş və müttəfiq ölkələrdir. Qazaxıstan ölkəmizin haqq işini yekdilliklə dəstəkləyən ölkələrdən biridir. Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi Qazaxıstanın ölkəmizə hədiyyəsi, Qarabağın yenidən qurulmasına isə mühüm töhfəsidir. Bu eyni zamanda qardaşlığın, humanitar əməkdaşlığın bariz nümunəsdir.

Azərbaycan-Qazaxıstan əməkdaşlığı beynəlxalq səviyyədə də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatlarda birlikdə təmsil olunur və bir-birini yekdilliklə dəstəkləyirlər. Bu siyasi xətt gəlcəkdə də davam etdiriləcək, ölkələrimiz bir-birinin maraqlarını müdafiə edəcəklər.

Ölkələrimizin nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə də bağlı böyük planları var. Bu sahədə həm ölkəmizin, həm də Qazaxıstanın geniş potensialı var. Mövcud imkanlardan istifadə edərək ölkələrimiz arasında yük axını birləşdiriləcək və həcmi artırılacaq, nəticədə tranzit potensialı yüksəldiləcək. Bu isə öz növbəsində ölkələrimizin iqtisadi-ticari münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Həmçinin region ölkələri də bu münasibətlərdən dolayı yararlana biləcək ki, bununla da regionun iqtisadi imkanları daha da inkişaf etmiş olacaq.

Azərbaycan-Qazaxıstan münasibətlərinin müasir dövrün tələblərinə əsasən inkişaf etdirilməsində təbii ki, hər iki ölkə başçısın xidmətləri yüksəkdir. Bu münasibətlərin inkişafında Prezident İlham Əliyevin xidmətləri isə xüsusilə vurğulanmalıdır. Prezident İlham Əliyevin Qazaxıstanın ali ordeni “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi də bu deyilənləri sübut edir.