YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dövlətlərinin birgə inkişafına xidmət edən münasibətlər

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ortaq tarixi və mədəni köklərə malik olan Azərbaycan və Qazaxıstanı uzun illər uğurlu əməkdaşlıq təcrübəsi ilə möhkəmlənən qardaşlıq münasibətləri birləşdirir. Bu gün iki ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaşlığa, səmimi dostluğa və mehriban qonşuluğa əsaslanan əlaqələri yüksələn xətlə inkişaf edir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verəcək.

Ötən 30 il ərzində Azərbaycan və Qazaxıstan çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, genişləndirməyə, iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməyə nail olub. Bu illər ərzində ikitərəfli əlaqələrinin mükəmməl müqavilə-hüquq bazası formalaşıb. Ötən müddətdə 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd, o cümlədən "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Bəyannamə” (1997), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005), “Azərbaycan və Qazaxıstan prezidentlərinin Birgə Bəyannaməsi” (2017) və digər sənədlər imzalanıb ki, onların hər biri tərəfdaşlığın dərinləşməsinə xidmət edib.

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı dövlət başçıları qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə ediblər, tərəflər arasında 20-dən artıq sənəd imzalanıb. Bu sənədlər arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir: “Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Strateji tərəfdaşlıqdan müttəfiqliyə atılan addım Azərbaycan-Qazaxıstan münasibətlərinin uğurlu inkişafının göstəricisidir. Türkiyə və Özbəkistanın ardınca Qazaxıstanla müttəfiqlik ilə iki dövlət təhlükəsizlik və milli maraqlarını uzlaşdırır. Bu da öz növbəsində Azərbaycan diplomatiyasının növbəti uğurudur. Türk dövlətləri arasında münasibətlər yeni daha müasir, daha mütərəqqi formata qədəm qoyur”.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqidir. Eyni zamanda, dövlətimizin başçısının Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğulayıb ki, ölkəsində Prezident İlham Əliyevi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Təqdim olunan ali mükafatı Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirən Prezident İlham Əliyev əminliklə qeyd etdi ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

Bu gün Azərbaycan və Qazaxıstanın xarici siyasətdə, iştirak etdiyimiz aparıcı beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Pərvin Kərimzadə bildirib ki, hər iki ölkə daim bir-birini dəstəkləyir, hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyət göstərirlər.

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişafı ticari-iqtisadi əməkdaşlığa da müsbət təsir göstərir. Təkcə 2022-ci ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə artıb. Ölkələrimiz arasında iqtisadi əlaqələr təkcə ticarətlə məhdudlaşmır. İnvestisiya sahəsində də böyük perspektivlər var. Azərbaycanlı sərmayədarlar Qazaxıstan bazarına maraq göstərir və bu ölkənin iqtisadiyyatına fəal sərmayə yatırırlar. Azərbaycanda da Qazaxıstan şirkətləri uğurla fəaliyyət göstərir. İki ölkə arasında bir milyard dollar dəyərində əmtəə dövriyyəsi tərəflərin qarşılıqlı fəaliyyətini dərinləşdirmək niyyətini nəzərə almaqla, tamamilə realdır. Perspektivdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı layihələr müzakirə edilir. Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı iki ölkə arasında dostluğun ən bariz nümunələrindən biridir. Qazaxıstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi, Şuşa ilə Türküstanın qardaşlaşması xalqlarımız arasında dostluğu və birliyi daha da möhkəmləndirəcək. Beləliklə, illər öncə əsası qoyulmuş qardaşlıq münasibətlərinin bu gün yeni dəyərlərlə zənginləşməsi Qazaxıstan-Azərbaycan dostluğunun daha geniş perspektivlərindən xəbər verir.