YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni mərhələ - dərin inkişaf və inteqrasiyaya doğru

Hikmət Babaoğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Qazaxıstan-Azərbaycan münasibətləri Orta Asiya və Cənubi Qafqaza regionunda iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir. Hər iki ölkənin iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahib olmaqla tarixi İpək yolunun orta xətti üzrə əsas vektoru təşkil edir. İstər tarixi kontekstdə, istərsə də son 30 illik müstəqillik dövrü tariximizdə Qazaxıstan və Azərbaycan etibarlı tərəfdaş yaxın dost və qardaş ölkələr olub. Ən yaxın siyasi keçmişimizin çətin dövrlərində, artıq tarixə qovuşmuş münaqişə dövrü tariximizdə qardaş ölkə istər siyasi diplomatik, istərsə də mənəvi-siyasi baxımdan həmişə Azərbaycanın yanında olub. Əldə etdiyimiz tarixi Zəfərimizdən sonra da Qazaxıstan bu uğurlarımızı öz uğuru kimi qəbul edən ölkələrdən biri kimi çıxış edib.

Hazırda işğaldan azad edilmiş ərazilərimizn yenidən qurulması prosesində iştirak etmək istəyən, həmin əraziyə sərmayə yatırmaq üçün müraciət edən şirkət və özəl sektor nümayəndələri içərisində Qazaxıstan təmsilçiləri birinci yerdədir. Təsadüfi deyil ki, qardaş ölkənin Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan səfərinin rəsmi tərəfi ilə bərabər mənəvi-siyasi tərəfi də yaddaqalan oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan dövlətinin ən ali mükafatı “Altın kıran” – “Qızıl qartal” ordeni ilə təltif edilməsi yuxarıda dediklərimizin əyani sübutudur.

Elə Qazaxstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdim edilməsi də bəhs etdiyimiz mənəvi-siyasi münasibətlərin əsas göstəricilərindən biri hesab edilə bilər. Çünki Qarabağ Azərbaycanın “musiqi beşiyi”, mədəniyyət mərkəzlərindən biridir. Kurmanqazı Saqırbayulu da 19-cu əsrin əvvəllərində yaşamış böyük qazax musiqiçisi və bəstəkarıdır. Onun dombra üçün yazdığı “küy”lər bu gün də qazax musiqi yaradıcılığının əsas ilham mənbələrindən biridir. Şuşa və Türküstan şəhərlərinin qardaşlaşması isə ayrıca bir hadisədir. Çünki Türküstan Əl Fərabi ət Türkün, Əhməd Yəsəvinin, Şuşa isə Əhməd bəy Ağaoğlunun, Üzeyir Hacıbəyovun vətənidir.

Göründüyü kimi, bütün bunlar xüsusi diqqət və uzaqgörən hədəflərə hesablanaraq atılan, tarixi ortaq köklərimizə hesablanan qərarlardır. Müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə isə Azərbaycan və Qazaxıstan arasında imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perespektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. Bu iki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla daha dərin inkişaf və inteqrasiyaya gətirib çıxaracaq.