YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan möhtəşəm uğurlara imza atıb

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, dövlətimizin başçısının siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf edərək möhtəşəm uğurlara imza atıb. Avqustun 12-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfəri də ölkəmizin inkişafı naminə atılan addımların növbəti nümunəsi kimi səciyyələndirilə bilər.

Onun sözlərinə görə, İsmayıllı rayonunun Basqal qəsəbəsində Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı sosial-iqtisadi inkişaf məsələləri ilə yanaşı, regionda baş verən proseslər, xüsusilə Ermənistanın son hərbi təxribatları haqqında fikirlərini bildirdi. Belə ki, Prezident İlham Əliyevin dediyi kimi, “Qisas” əməliyyatı Ermənistanın cəzalandırılması oldu və şəhidimizin qisası alındı. Əgər erməni tərəfi yenə təxribatlara əl atarsa, daha sərt şəkildə cəzalandırılacaqlar. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan da 10 noyabr razılaşmalarına əməl etməlidir. 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. “Qisas” əməliyyatından sonra Ermənistan qanunsuz hərbi birləşmələrini Qarabağ ərazisindən çıxarmaya başlayıb. Görünən odur ki, erməni tərəfi cəzalandırıldıqdan sonra müəyyən qədər ağıllanır. Dövlətimizin başçısının dediyi kimi, əgər Ermənistan prosesi uzatmaqla bir-iki il ərzində vəziyyətin öz xeyrinə dəyişəcəyini gözləyirsə, yanılır. Çünki həm geosiyasi proseslər, həm də artan gücümüz vəziyyətin bundan sonra da Azərbaycanın xeyrinə olacağını sübut edir.

Ermənistanın hakimiyyət nümayəndələrinin Qarabağın statusu haqqında səsləndirdiyi fikirlərə də lazımi cavabın bir daha verildiyini söyləyən S.Fətəliyeva qeyd edib: “Dövlətimizin başçısı müsahibəsində bir daha vurğuladı ki, Qarabağ ermənilərinə heç bir status verilməyəcək. Dövlətimiz bütün vətəndaşlarımız kimi, onların da hüquq və təhlükəsizliyinə təminat verir. Bundan əlavə, Laçın dəhlizi ilə bağlı məsələlərə toxunan Azərbaycan Prezidenti yeni alternativ yolun istifadəyə verilməsindən sonra vətəndaşlarımızın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını bildirib. Yəni, orada məskunlaşmış ermənilər ərazini tərk edəcək, bundan sonra həmvətənlərimizin doğma yurdlarına qayıdışı məsələləri həll olunacaq. Artıq həmin ərazilərdə qanunsuz məskunlaşdırılan ermənilərin köçürülməsi prosesi başlayıb”.

Deputatın fikrincə, erməni tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalı, sülhə gəlmək üçün müsbət addımlar atmalıdır. Əks halda, qeyri-konstruktiv mövqe məhz rəsmi İrəvan üçün problemlər yaradacaq. “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq. Artıq ölkəmiz regionda yeni reallıqlar yaradıb və bu reallıqların praktiki mərhələyə keçməsi üçün əməli addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük, möhtəşəm nailiyyətlər əldə etməyi qarşıya hədəf qoyub”, - deyə S.Fətəliyeva vurğulayıb.