YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Sevindirici haldır ki, son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Bölgələrin inkişafı üçün infrastruktur layihələrin icrası əsas amillərdəndir. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilib.

Bölgələrin inkişafı ilə paralel ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası uğurla davam edir. Ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır. Dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür.

Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. O ki qaldı taxılla bağlı statistikaya, Prezidentin qeyd etdiyi kimi, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, böyük nəticə olacaq.

Bütün dünya ərzaq böhranı anonsu verir. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlərlə yanaşı subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Qürurla qeyd etməliyik ki, azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək. Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır.

Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Biz bal ixracatçısına çevrilmişik.

Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır. 32 kilometr uzunluğunda olan yol cəmi bir il ərzində inşa edildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Prezident Basqalda verdiyi müsahibədə Laçın əhalisinə də sevindirici xəbərlər verdi: "Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqlar".

Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, həm tarixi nöqteyi-nəzərdən, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.