YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ya son şans, ya da sonun başlanğıcı – TƏHLİL / VİDEO

Bakı, Ankara, Moskva, Brüssel, İrəvan... Bunlar postmüharibə reallıqlarının, o cümlədən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasının müzakirə edildiyi paytaxtlardır.

Bakıda və Bakıdan Azərbaycanın prinsipial mövqeyi, haqlı və ədalətli yanaşma qətiyyətlə ifadə olunur, xarici ölkələrin nümayəndələri - rəsmilər, diplomatlar ölkəmizin rəyinin əsas - mövqeyinin həlledici olduğunu ifadə edirlər. Ankarada qardaş Türkiyənin sülh prosesi ilə əlaqədar fəallığı, Azərbaycanın mövqeyinə güclü mənəvi-siyasi dəstəyi müşahidə olunur. Rusiyanın paytaxtı Moskva, Avropanın siyasi başkəndi Brüssel isə ikitərəfli və üçtərəfli görüşlərə ev sahibliyi edir, müxtəlif təklif və təşəbbüslər irəli sürülür.

İrəvan isə bildiyimiz, gördüyümüz kimidir - qeyri-konstruktiv, üçtərəfli bəyanatlara və beynəlxalq hüquq normalarına zidd açıqlamaların verildiyi, öhdəliklərin “unudulduğu”, şərtlərin - razılaşmaların pozulduğu, hətta baş diplomatın baş naziri təkzib etdiyi məkanı xatırladır. Məsələn, Ermənistanın baş naziri Brüsseldə və ya Moskvada üçtərəfli görüşlər zamanı şərtləri qəbul etdiyini bildirsə də, ölkəsinə qayıtdıqdan sonra fərqli və cəfəng fikirlər səsləndirir, məsuliyyətdən yayınmağa çalışır, 10 noyabr Bəyanatı yerinə yetirilmir.

Yeni reallıqları qəbul edən beynəlxalq ictimaiyyət isə Cənubi Qafqazda sülh quruculuğu üçün razılaşmaların yerinə yetirilməsinə çağırır.

Türkiyənin paytaxtı Ankarada keçirilən diplomatiya konfransında da Ermənistana daha bir sərt xəbərdarlıq, növbəti çağırış edildi. Bir daha vurğulandı ki, “İrəvan öhdəliklərini yerinə yetirməlidir”.

Bəli, kapitulyasiya aktına imza atan məğlub ölkə buna məcburdur, başqa seçimi yoxdur.  Üstəlik, nəzərə almalıdır ki, Ermənistanın, bir zamanlar güvəndiyi və hələ də sığınmağa, yarınmağa çalışdığı qüvvələrin bu gün regional proseslərə təsir etmək imkanı məhduddur. Bir vaxtlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli və yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ sözünün əvvəlinə yamaq edilmiş “Dağlıq” anlayışı var. Görünən budur ki, Azərbaycanın gücü, nüfuzu, mövqeyi və iradəsi nəticəsində yeni reallıqlar beynəlxalq miqyasda qəbul edilir, qərəzli dairələrin hər hansı bir spekulyasiyaya yol vermək şansları yoxdur.

Ona görə də Ermənistanın bir yolu var. Yeni geosiyasi reallıqlara və beynəlxalq hüquq normalarına uyğun mövqe ortaya qoymaq, süni siyasi gündəm formalaşdırmaq cəhdindən əl çəkmək. Əks halda, İrəvan nə olacağını yaxşı bilir.

Bir sözlə, İrəvan geosiyasi axına qarşı üzməyin faydasız olduğunu və zamanın onun əleyhinə işlədiyini dərk etməli, vaxtında qəti addımlar atmalıdır. Məhz indi vaxtıdır! Vaxt itkisi isə Ermənistan üçün daha böyük və daha ciddi itkilərə səbəb ola bilər.