YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Ana dilimiz varlığımız, milli kimliyimizdir

“Azərbaycan dili böyük inkişaf yolu keçib, qədim və zəngin dillərdən biridir. Dövlət dilimiz lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub. Qeyd etmək lazımdır ki, dil millətin varlığını ifadə edən, maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən vasitədir. Ana dilimiz də vüqarımızdır, tariximiz, keçmişimiş, bu günümüz və gələcəyimizdir. Günümüzün reallığı budur ki, çox ziddiyyətli yollar keçmiş Azərbaycan dili öz zənginliyini və saflığını bu bünə qədər qoruyub-saxlaya bilib. SSRİ dönəmi, kommunist ideologiyasının dominantlığı dilimizə öz təsirini göstərməyə bilməzdi. Məhz bu təsir nəticəsində, əlifbamızın dəyişməsi, kiril əlifbasına keçid, ana dilimizin zəifləməsinə gətirib çıxardı, saflığına və təmizliyinə mənəvi təsir göstərdi. Belə ki, ərəb-fars mənşəli sözlərin lüğətiizə gətirilməsi azmış kimi ana dilimiz rus mənşəli sözlərlə də bir qədər zəiflədildi. Və bu proses 1969-cu ulə qədər davam etdi”.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk aylardan dilimizin dövlət dili səviyyəsinə qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdi: “Ana dilimizin saflığının qorunması üçün mühüm addımlar atıldı. Dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Ümummilli Liderimiz deyirdi: "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir". Dahi siyasətçi, dövlət xadimi Heydər Əliyev dil uğrunda mübarizədə daim qətiyyətli və prinsipial mövqedən çıxış edirdi. SSRİ rəhbərliyinin milli dəyərlərə, xalqların dil məsələsinə birmənalı olaraq mənfi yanaşdığı halda, Ulu Öndərimizin qətiyyəti sayəsində Konstitusiyamıza Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Əlbəttə bu addım dilimizə olan tələbkarlıqdan irəli gəlirdi. Müstəqillik qazandıqdan sonra Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə bir çox sahələrdə olduğu kimi, dil sahəsində də uğurlu addımlar atıldı. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ulu Öndərin imzaladığı sərəncamlarla Azərbaycan dili təkmilləşdi, inkişafı təmin edildi. Daha sonra Heydər Əliyev tərəfindən imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir”.

A.Hüseynov qeyd edib ki, Ulu Öndərin dil siyasəti onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir: “Prezidentin 2004-cü il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edildi. 24 avqust 2007-ci il tarixli digər Sərəncamla dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşr edildi və bu sahəyə aid digər sərəncamlar ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Azərbaycan dilinə daim diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Prezidentin bir-birinin ardınca imzaladığı sərəncamlar Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu. 1 noyabr 2018-ci ildə isə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqında" Fərman imzalandı. Bu gün müstəqil bir ölkənin vətəndaşı olaraq, ana dilimizi qorumaq borcumuzdur. Bu dil bizim ana laylamızın dilidir. Azərbaycanın dilidir”.