YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dövlətçiliyimizin rəmzi

Cavanşir Yusubov

YAP Mingəçevir şəhər təşkilatının sədri

Müstəqillik dövründə ölkədə yeni, latın qrafikası əsasında tərtib olunmuş əlifbanın tətbiqi respublikamızın ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri kimi qiymətləndirilməlidir. Həmin dövrdə yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə inteqrasiyası üçün yeni perspektivlər açdı və bu imkanların tam reallaşması üçün yeni əlifbaya keçid zəruri şərtlərdən biri idi. Məhz bu baxımdan Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir.

Qeyd etmək lazımdır ki, 1969-cu ilin yayında Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev respublikada sovet hakimiyyəti qurulandan sonrakı dövrdə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verilməsi istiqamətində fəaliyyətə başladı. 1978-ci ildə, Azərbaycan SSR-in yeni qəbul edilən Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ulu Öndərin bu istiqamətdə qətiyyətli fəaliyyətinin növbəti parlaq ifadəsi oldu. Ümummilli Liderimiz öz çıxışlarının birində həmin hadisələri şərh edərək belə demişdi: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir”.

Etiraf olunmalıdır ki, müstəqilliyimizin ilk illərində qəbul olunmuş “Yeni Azərbaycan əlifbası layihəsinin hazırlanması haqqında”, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunları da məhz əsası ötən əsrin 70-ci illərindən qoyulan dil haqqında siyasətin məntiqi davamı kimi ortaya çıxan dövlət sənədləri idi. Lakin bütün bu hüquqi sənədlər hələ də məsələyə kompleks yanaşmanı təmin etmirdi. 1993-cü ilin iyun ayında, ölkə xaos içərisində və vətəndaş müharibəsinin astanasında olduğu zaman respublikada ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev bu sahədə dövlətin siyasi xəttini müəyyən etdi. Daha sonra ölkə Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri kimi təsbit edildi. Həmin vaxt ana dilimizin necə adlandırılması məsələsi ölkə ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevrilmişdi. Ulu Öndər dərin məntiqi, fenomenal yaddaşı və fundamental bilikləri ilə bütün xalqa müraciət edərək belə demişdir: “Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”.

Ümummilli lider Heydər Əliyevin 1991-ci il dekabr ayının 25-də qəbul edilmiş “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında”, 1992-ci il dekabrın 22-də  imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarının praktikaya yönəldilməsini təmin edən sənədləri imzalaması xüsusi əhəmiyyət kəsb edən addımlar oldu. Həmçinin 2001-ci il iyun ayının 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu istiqamətdə dövlət siyasətinin əhəmiyyətli mərhələsi hesab edilməlidir. Prezident Heydər Əliyevin 2001-ci il avqust ayının 9-da imzaladığı növbəti Fərman “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” oldu. Məhz bu Fərmanda Azərbaycan Respublikasının ərazisində “Hər il avqust ayının 1-i gününün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü olaraq qeyd ediləcəyi” bildirildi.

Bu gün ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Həmçinin dövlət başçımızın 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi əhəmiyyət kəsb edən bir hadisədir. Bütün bu sənədlər doğma dilimizə göstərilən yüksək səviyyəli dövlət qayğısından xəbər verir və eyni zamanda, bu istiqamətdə ardıcıl dövlət siyasətinin aparılmasının zəruriliyini bir daha vurğulayır.