YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət siyasətinin mühüm prioriteti

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan dilinin qorunması və işləkliyinin təmin edilməsi ölkəmizdə müstəqil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müasir, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev hələ Sovetlər dönəmində ciddi müqavimətlərlə üzləşməsinə baxmayaraq, ölkəmizdə Azərbaycan dilinin rəsmi dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilmişdi. Azərbaycan dilinin dahi şəxsiyyətin təşəbbüsü ilə 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiyamızın 21-ci maddəsində təsbit edilmiş dövlət dili statusu əməli xarakter daşıyır. Həqiqətən də doğma Ana dilimiz xalqımızın varlığını əks etdirən əbədi milli kimliyimizdir. 2001-ci ildə Ümummilli Liderin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyev Vətəninə, xalqına, milli dəyərlərimizə sıx bağlı olan dahi müdrik şəxsiyyət idi. 30 sentyabr 2002-ci ildə isə ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması bunun parlaq göstəricisidir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncamdır. Ölkə başçısı İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Doğma Partiyamızın Sədri, dövlətimizin başçısı  həmçinin, 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Bütün bunlar dövlət başçısının Azərbaycanın milli-mənəvi dəyərlərinə,xüsusilə Ana dilimizə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. Cənab Prezidentin söylədiyi kimi “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməyilik”. 

Mükəmməl dilimiz və mükəmməl siyasətimiz Azərbaycan xalqının birliyini təmin edən ən mühüm amildir.