YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzaqgörən siyasətin məntiqi nəticəsi

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqı qarşısında olan misilsiz xidmətləri sırasında ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər xüsusi yer tutur. Ümummilli lider deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Həqiqətən də Ulu Öndər bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Məhz ümummilli liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.        

Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin problemləri ilə bilavasitə məşğul olub. Görkəmli dövlət xadimi həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə nail olub. İlk növbədə məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dili artıq sovet dönəmində dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları Azərbaycan dilində nəşr edilib. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, Azərbaycan dilinin nüfuzu bir daha təsdiq edilib. Nəhayət, ümummilli liderimiz bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, yüksək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndər Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən dil siyasətinin məntiqi nəticəsidir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Ana dilinin böyük təəssübkeşi olan ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu fərmanlardan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Bundan başqa, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli liderin atdığı mühüm tarixi addımlardan biri oldu. Beləliklə, Ulu Öndər Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da bütünlüklə həyata keçirmiş oldu.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin əsasını qoyduğu dövlət dili siyasətini bu gün uğurla davam etdirir. Bu, əlbəttə ki, ilk növbədə dövlət başçımızın öz xalqının milli adət-ənənələrinə, qədim və zəngin tarixi-mədəni irsimizə bağlılığı ilə izah olunmalıdır. Ölkə Prezidenti tərəfindən bu xüsusda imzalanmış sərəncam və fərmanların geniş əhatə dairəsi bu fikri bir daha təsdiq edir. Buna misal olaraq, dövlət başçısının Azərbaycan dilində əvvəllər çap edilmiş dünya və Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin latın qrafikalı əlifba ilə yenidən nəşr edilməsini təmin edəcək Sərəncamını nümunə kimi göstərmək olar. Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bu sahədə yarana biləcək boşluğu aradan qaldırdı və eyni zamanda da əlifba ilə bağlı ortaya çıxan digər texniki problemləri həll etdi.

Həmçinin dövlət başçımızın 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmiş oldu. Bununla yanaşı Prezident İlham Əliyev ana dilimizin saflığının qorunması və onun yad ünsürlərin təsirlərindən mühafizəsi kimi məsələləri də daim xüsusi diqqətində saxlayır. Bu baxımdan əlbəttə ki, 2018-ci il noyabrın 1-də imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman xüsusi önəm kəsb edir.

Öz çıxışlarının birində Prezident İlham Əliyev demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Bu fikir dövlət başçımızın mənsub olduğu xalqa, onun maddi-mənəvi irsinə və əlbəttə ki, doğma dilimizə olan bağlılığını bariz şəkildə nümayiş etdirir.