YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heç kim qanundan üstün ola bilməz

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.

Prezident İlham Əliyev cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı qeyd etdi ki, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Bu infrastruktur layihələr davamlı icra olunur.

Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. Bu, həm sahibkarlar, həm də işaxtaranlar üçün çox əlverişlidir. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın.

Təəssüf ki, bəzən yaradılan münbit şəraitdən qanuna zidd olaraq yararlanmağa çalışanlar olur. Məhz bu səbəbdən bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi, bəzilərinin hökmü verilib, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz.

Prezident İlham Əliyev qeyd etdi ki, icra başçıları daim insanlarla təmasda olmalıdır: “İcra başçıları bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib, eyni zamanda ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu”.

Görüşdə Prezident İlham Əliyev şəhid və  qazi ailələrinə ayrılan diqqətdən də danışaraq tövsiyələrini verib. O qeyd edib ki,  şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Bu proses davam etdirilir.

İdarəetmədə çox ciddi islahatlar aparılır. Cənab Prezidentin dediyi kimi, hakimiyyət təmizlənir və insanlar bunu görürlər. Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir.